Avropa İttifaqının İranın 3 hava yolları şirkətinə yeni sanksiyalar tətbiq etdiyinə görə, bundan sonra heç bir İran təyyarəsi Avropa ölkələrinə uçuşlar həyata keçirməyəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Hava Yolları Şirkətləri Assosiasiyasının katibi Maqsud Əsədi Samani deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı İranın IranAir, Mahan və Saha hava yolları əleyhinə yeni sanksiyalar tətbiq edib. İrandan Avropa İttifaqı ölkələrinə uçuşlar həyata keçirən yeganə hava yolları şirkəti İranAir idi. Ölkədə Avropa istiqamətində İran uçuşları üçün çoxlu müraciət mövcud idi. Lakin bundan sonra bu müraciətlər təbii şəkildə xarici hava yolları şirkətlərinə yönələcək. Təbii ki, bu da Avropa İttifaqına üzv ölkələr istiqamətində biletlərin qiymətinin bahalaşması ilə nəticələnəcək.
Əsədi Samani əlavə edib ki, əlbəttə regionun hazırkı xüsusi şəraitinə görə, bəzi xarici hava yolları şirkətləri İrana təşkil olunan reysləri məhdud şəkildə dayandırıblar. Buna əsasən belə bir şəraitdə bundan sonra Avropa istiqamətində uçuşların bir hissəsi keçid reyslər vasitəsilə, Türkiyə və yaxud BƏƏ vasitəsi ilə həyata keçiriləcək.
Qeyd edək ki, 14 oktyabrda Avropa Şurası İranın Rusiyaya raket və pilotsuz uçuş aparatları təhvil verməsi, həmçinin Yaxın Şərq və Qırmızı dəniz regionunda sülh və təhlükəsizliyə xələl gətirən hərəkətlərlə bağlı yeddi fiziki şəxs və yeddi quruma qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirib.