ABŞ-ın vitse-prezidenti və Demokrat Partiyasından ali dövlət vəzifəsinə namizəd Kamala Harris bəyan edib ki, noyabr seçkisində qalib gələcəyi təqdirdə Co Baydenin prezidentlik kursunu davam etdirməyəcək.
K.Harris bunu "Fox News" telekanalına müsahibəsində bəyan edib.
"Mənim prezidentliyim Co Baydenin prezidentlik kursunun davamı olmayacaq. Səlahiyyətlərinin icrasına başlayan hər hansı digər prezident kimi mən də öz həyat və peşə təcrübəmi, həmçinin yeni ideyalarımı gətirəcəyəm", - deyə Harris bildirib.
Onun sözlərinə görə, hazırkı Prezident Co Baydendən fərqli olaraq onun karyerasının böyük hissəsi Vaşinqtondan kənarda keçib. Vitse-prezident, həmçinin liderlərin yeni nəslini təmsil etdiyini vurğulayıb.
Yeri gəlmişkən, Senzor.az xatırladır ki, daha əvvəl ABC telekanalına verdiyi müsahibədə Harrisdən Baydendən fərqli nə edəcəyini soruşmuşdular. Onda vitse-prezident cavab vermişdi ki, “ağlıma heç nə gəlmir”.