İtaliyanın “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində tarixdə ilk dəfə olaraq G7 formatında müdafiə nazirlərinin görüşü keçirilib.
Senzor.az bildirir ki, Neapol şəhərinin ev sahibliyi etdiyi görüşdə İtaliya, ABŞ, Almaniya, Fransa, Kanada, Böyük Britaniya və Yaponiyanın müdafiə nazirləri, həmçinin NATO-nun Baş katibi Mark Rutte və Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel iştirak ediblər.
Toplantıda qlobal səviyyədə müdafiə və təhlükəsizlik məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsi, Yaxın Şərqdə artan gərginlik, Afrikadakı qeyri-sabitlik və Hind-Sakit okean regionundakı mövcud vəziyyət müzakirə olunub.
Yeri gəlmişkən, nazirlərin görüşünün yekun bəyanatında deyilir ki, G7 Fələstin Milli Administrasiyasının (FMA) təhlükəsizlik qüvvələrinin hazırlanmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir: “Biz FMA-nın təhlükəsizlik qüvvələrinin hazırlanması və təlimatlandırılmasına yönəlmiş təşəbbüsləri alqışlayırıq, həmçinin Fələstin mülki polisinin də daxil olduğu potensialın artırılması üzrə uğurlu təşəbbüslərin müsbət təcrübəsinə əsaslanan daha geniş təhlükəsizlik və ədalət sahəsində islahatları dəstəkləyirik”, – sənəddə qeyd olunur.
Bundan əlavə, G7 ölkələri Fələstində münaqişədən sonrakı sabitləşmə, idarəetmə və təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirilə bilən həll yollarının axtarılmasının vacibliyini təsdiqləyiblər.