ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Kamala Harris seçkidə qalib gələcəyi təqdirdə, prezidentliyinin Co Baydenin prezidentliyindən fərqlənəcəyini bildirib.
İnterfaks.ru-nun xəbərinə görə, bu barədə Harris Vaşinqtonda çıxışı zamanı deyib.
"Co Baydenin dövründə vitse-prezident vəzifəsində işləmək mənim üçün şərəf idi. Amma mən Oval kabinetə öz təcrübəmi və ideyalarımı gətirəcəyəm", - deyə o qeyd edib.
"Mənim prezidentliyim fərqli olacaq, çünki qarşılaşdığımız problemlər fərqlidir", - deyə Harris əlavə edib.
Onun sözlərinə görə, dörd il əvvəl mövcud administrasiyanın əsas prioriteti pandemiyaya son qoymaq və iqtisadiyyatı xilas etmək idi.
"İndi ən vacib vəzifəmiz pandemiyadan əvvəl də artmaqda olan və hələ də çox yüksək olan xərcləri azaltmaqdır", - deyə Kamala Harris vurğulayıb.
Xatırladaq ki, ABŞ-da prezident seçkisi noyabrın 5-nə təyin edilib.