Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası prezidentliyə namizədinin adını açıqlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partiyanın Siyasi Şurasının noyabrın 27-də keçirilən iclasında Mixail Kavelaşvilinin Gürcüstan prezidentliyinə namizədliyi irəli sürülüb.
Bu barədə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili partiyanın ofisində keçirilən brifinqdə məlumat verib.
Mixail Kavelaşvili məşhur futbol veteranıdır - idman karyerasına Tbilisinin "Lokomotiv" klubunda başlayıb, sonra "Dinamo"ya keçib və burada altıqat Gürcüstan çempionu olub. 1995-ci ildə Vladiqafqazın "Spartak-Alaniya" klubuna, 1996-cı ildə isə "Mançester Siti"yə keçib. O, İsveçrənin müxtəlif klublarında da çıxış edib.
Xatırladaq ki, Gürcüstan prezidentinin seçkiləri dekabrın 14-nə, andiçmə mərasimi isə dekabrın 29-na təyin edilib. Bu il ilk dəfə olaraq prezident ümumxalq səsverməsi ilə deyil, Seçicilər Kollegiyasının 300 üzvü tərəfindən seçiləcək.