Tbilisidə hakimiyyət əleyhinə növbəti etiraz aksiyasında ölkə parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.
“Mitinq başlayandan dərhal sonra aksiya iştirakçılarının bəzilərinin hərəkətləri zorakılığa çevrilib, ”, - məlumatda bildirilib.
Eyni zamanda, bəzi mitinq iştirakçıları pirotexniki vasitələr, daşlar və müxtəlif ağır əşyalardan istifadə ediblər.
“Bir daha aksiyanın hər bir iştirakçısını öz etirazlarını qanuni, dinc formada bildirməyə və qanunsuz hərəkətlərə əl atmamağa çağırırıq”, - DİN əlavə edib.
Yerli medianın yazdığına görə, parlament binasını qorumaq üçün əraziyə xüsusi təyinatlılar yeridilib.
Bu arada aksiyaçılar parlament binası önündə barrikadalar qurublar.
Nümayişçilər dəmir laylar qoyaraq, onu yaxınlıqdakı səkilərdən qoparılan dəmir skamyalarla möhkəmləndiriblər. Onların sözlərinə görə, bu yolla xüsusi təyinatlılara və su şırnaqlarına müqavimət göstərmək istəyirlər. Hələlik polislə toqquşma olmayıb.
Qeyd edək ki, aksiyalar 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb. 3 gündür davam edən aksiyalarda polislə toqquşmalar olub, onlarla etirazçı saxlanılıb.
Aksiyalara Prezident Salome Zurabişvili də ciddi dəstək verir. Yeri gəlmişkən, S.Zurabişvili bu gün televiziya ilə çıxışı zamanı deyib ki, mandatının başa çatmasına baxmayaraq istefa verməyəcək: “Mən sizin Prezident olaraq qalıram, legitim parlament yoxdur. Müvafiq olaraq, qeyri-legitim parlament yeni prezident seçə bilməyəcək. Beləliklə, inauqurasiya baş tutmayacaq. Mənim mandatım qanuni seçilmiş parlament olana qədər davam edəcək”.
Onu da xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Seçkinin nəticəsinə əsasən, ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 54,3% səslə qalib gəlib. Lakin bir sıra müxalif siyasi qruplar, eləcə də Prezident S.Zurabişvili seçkinin nəticələrini qəbul etmirlər.
Senzor.az