ABŞ-ın hazırkı Prezidenti Co Bayden və onun komandası yeni seçilmiş Prezident Donald Trampın siyasi rəqiblərini hədəfə ala biləcəyi ilə bağlı narahatlıqlar fonunda bir neçə yüksək vəzifəli məmura qabaqlayıcı əfvlərin verilməsi imkanını müzakirə edir.
“The Washington Post (WP)” nəşri xəbər verir ki, əfv üçün potensial namizədlər arasında COVID-19 ilə mübarizəni koordinasiya edən doktor Entoni Fauçi, Trampı “faşist” adlandıran Birləşmiş Qərargahın keçmiş rəisi Mark Milli, Donald Trampın impiçment araşdırmasının təşəbbüskarlarından biri, demokrat senator Adam Şiff, və keçmiş respublikaçı konqresmen Liz Çeyni var.
Qabaqlayıcı əfvlərlə bağlı müzakirələrin aparıldığı barədə ilk dəfə “Politico” nəşrinin yaydığı məlumatı iki anonim mənbə “WP”yə təsdiqləyib.
“Mənbələrin dediyinə görə, prosesə Ağ Evin aparat rəhbəri Ceff Zients və Ağ Evin müşaviri Ed Siskel rəhbərlik edir ki, bu da administrasiyanın ən yüksək səviyyəsində bu məsələyə ciddi yanaşmadan xəbər verir”, - WP vurğulayıb.
Azvision.az xatırladır ki, ötən həftə ABŞ Prezidenti Co Bayden oğlu Hanter Baydeni qanunsuz silah saxlanmasına və vergidən yayınma hallarına görə cinayət işləri üzrə əfv edib. Halbuki əvvəllər o, dəfələrlə belə bir addım atmayacağı vədini vermişdi. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Baydenin bu qərarını haqq-ədalətin pozulması kimi qiymətləndirib.