"Suriyada silahlı müxalifətin əsas məqsədi Bəşər Əsəd rejimini devirməkdir".
Bunu "Həyat Təhrir əş-Şam" (HTŞ) silahlı qruplaşmasının lideri Əbu Muhəmməd əl-Culani CNN-ə müsahibəsində deyib.
O, Suriyada müxalifət qruplarının hücumunun başlanmasından bəri ilk dəfə ictimaiyyətə açıqlama verib.
"Məqsədlərdən danışanda inqilabın hədəfi bu rejimin devrilməsi olaraq qalır. Bu məqsədə çatmaq üçün bütün mövcud vasitələrdən istifadə etmək bizim haqqımızdır", - deyə o vurğulayıb.
Culani əlavə edib ki, "məğlubiyyət toxumları" həmişə Suriyada mövcud olan rejimin daxilində olub.
"İranlılar rejimi dirçəltməyə çalışdılar, ona vaxt qazandırdılar, daha sonra ruslar da onu dəstəkləməyə çalışdılar. Amma həqiqət budur ki, bu rejim ölüb", - deyə HTŞ lideri qeyd edib.
Yeri gəlmişkən, Culani müsahibədə ilk dəfə olaraq geniş tanındığı təxəllüsü əvəzinə öz həqiqi adı Əhməd əş-Şəranıdan açıq şəkildə istifadə edib.