İsveçrəli siyasətçi, əvvəllər ölkənin maliyyə naziri və vitse-prezidenti vəzifələrində çalışmış Karin Keller-Satter 2025-ci il üçün dövlət başçısı seçilib.
Senzor.az bildirir ki, bu barədə İsveçrə parlamentinin mətbuat xidməti məlumat yayıb.
“Federal Məclis onu etibarlı 203 bülletendən 168 səslə prezident seçib”, - məlumatda deyilir.
Qeyd edək ki, İsveçrə federal parlamentli respublikadır. Prezident parlament tərəfindən Federal Şuranın (Hökumətin) üzvləri arasından növbəti müddətə yenidən seçilmək hüququ olmadan bir il müddətinə seçilir. Bu vəzifəni əvvəllər Viola Amherd tutub.
Keller-Satter 1963-cü ildə katolik ailəsində anadan olub. O, Sürix Tətbiqi Elmlər Universitetində tərcüməçi olmaq üçün təhsil alıb, sonra Fribourq Universitetində pedaqogika üzrə aspiranturanı bitirib. 1992-ci ildə siyasi fəaliyyətə başlamazdan əvvəl məktəb müəllimi işləyib. Britaniyanın “Financial Times” qəzeti onu 2023-cü ildə ilin ən nüfuzlu 25 qadını siyahısına daxil edib.
Onu da qeyd edək ki, Satter səlahiyyətlərinin icrasına 2025-ci ilin yanvarından başlayacaq.