Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya səfərə gələn ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.
Senzor.az Türkiyə KİV-ə istinadən bildirir ki, Prezidentlə dövlət katibi arasında görüş Esenboğa hava limanında keçirilib və mətbuata qapalı olub.
Görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun, Prezident Administrasiyasının rəhbəri və səfir Həsən Doğan, eləcə də Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç, ABŞ tərəfdən isə Dövlət Departamenti katibinin siyasi məsələlər üzrə müavini Con Bass və ABŞ səfirliyinin Ankaradakı müvəqqəti işlər vəkili Maykl Qoldman da iştirak ediblər.
**
“Türkiyə öz milli təhlükəsizliyi naminə Suriyada fəaliyyət göstərən və ölkə üçün təhlükə mənbəyi olan PKK/PYD və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı tədbirlər görəcək”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə iki günlük rəsmi səfərə gələn ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı deyib.
O bildirib ki, Türkiyə NATO ölkəsi olaraq PKK və ona bağlı qrupların Suriyadakı vəziyyətdən yararlanmaq cəhdlərinə mane olacaq.
Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşunu qorumağa ilk gündən sadiq olduğunu və beynəlxalq ictimaiyyətin rəsmi Dəməşqin dirçəldilməsi və yenidən qurulmasında əməkdaşlıq etməli olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, rəsmi Ankara Türkiyə-Amerika əlaqələrini bütün sahələrdə inkişaf etdirmək üçün səylərini davam etdirəcək.