Suriyanın keçmiş prezidenti Bəşər Əsəd bəyan edib ki, dekabrın 8-i erkən səhər saatlarına qədər Dəməşqdə qalıb və ölkəni tərk etməyi planlaşdırmayıb.
Məlumatı Rusiya KİV-ləri onun mətbuat xidmətinin bəyanatına istinadən yayıb.
B.Əsəd iddia edir ki, silahlı müxalifətin hücum etdiyi günlərdə istefa vermək və sığınacaq istəmək niyyətində olmayıb. Silahlıların Dəməşqə girməsindən sonra o, döyüş əməliyyatlarını izləmək məqsədilə rus müttəfiqləri ilə əlaqələndirilmiş şəkildə Suriyanın Latakiya əyalətinə (Rusiyanın Hmeymim aviabazasının yerləşdiyi ərazi) getdiyini və axşam Rusiyaya uçduğunu bildirib.
Sabiq prezident bəyanatında paytaxtın yaraqlılar tərəfindən ələ keçirilməsi barədə Dəməşqdən çıxdıqdan sonra xəbər tutduğunu deyib. O, terrorçuların ələ keçirdiyi ölkədə prezident olaraq qalmağı mənasız hesab edib.
Bununla belə, B.Əsəd Suriyanın yenidən azad və müstəqil ölkə olacağına ümid etdiyini də bildirib: "Ölkəyə və xalqa aid olma hissim məndə Suriyanın yenidən azad və müstəqil olacağına ümid oyadır".