ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Yeni Orleanda (Luiziana ştatı) terror aktını törədənin 42 yaşlı ABŞ vətəndaşı Şəmsud Din Cabbar olduğunu bildirib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, o, ABŞ vətəndaşı olub, Texasda doğulub və yaşayıb. 10 ildən çox ABŞ ordusunda xidmət edib.
O, terakt üçün icarəyə götürdüyü pikapdan istifadə edib. Cabbarın yanında İŞİD terror təşkilatının bayrağı olub. Avtomobildə bir neçə partlayıcı qurğu aşkar edilib.
FTB Cabbarın təkbaşına hərəkət etmədiyini düşünür.
Hadisə ilə əlaqədar Yeni Orleanda fövqəladə vəziyyət elan edilib. Bu barədə Luiziana ştatının qubernatoru Ceff Landri mətbuat konfransında bildirib.
Avtomobilin Nyu Orleanda Burbon küçəsində izdihamın üzərinə sürməsi nəticəsində ilkin məlumatlara görə, 10 nəfər ölüb, daha 35 nəfər yaralanıb.
Yeni Orlean polisi hadisənin yerli əhali və turistlər arasında populyarlığı ilə tanınan hərəkətli küçədə baş verdiyini təsdiqləyib.
CNN-in məlumatına görə, hadisə yerinə gələn təcili xidmətlər hadisəni “kütləvi insan itkisi” kimi qiymətləndiriblər.
NOLA Ready City Fövqəladə Hallar İdarəsi qurbanların yaxınlıqdakı xəstəxanalara çatdırıldığını bildirib. Sakinlər hadisə yerindən uzaq durmağa çağırılıb.
2025-ci ilin ilk günündə baş verən faciənin şahidləri bayram şənliklərinin necə faciəyə çevrildiyini söyləyiblər.
22 yaşlı Kevin Qarsiya CNN-ə deyib: “Mən yük maşınının tam sürətlə hərəkət edərək Burbon küçəsində səkinin sol tərəfində dayanan insanları vurduğunu gördüm.
Digər hadisə şahidi Whit Davis çaxnaşma anını belə təsvir edib: “Hamı geri qaçaraq qışqırmağa başladı. Əvvəlcə hamı mat qaldı, amma sonra vəziyyət bir az sakitləşdi”.
ABŞ Prezidenti Co Bayden hadisə ilə bağlı məlumatlandırılıb və Nyu Orlean meri LaToya Kantrell ilə əlaqə saxlayır. Bu barədə Ağ Evin bəyanatında deyilir. Açıqlamaya görə, FTB araşdırmaya başlayıb.
Qeyd edək ki, hadisə minlərlə insanın iştirak edəcəyi gözlənilən Caesars Superdome-da kollec futbolunun dörddəbir finalı olan AllState Bowl-un başlamasına saatlar qalmış baş verib.
Yerli polis rəisi Enn Kirkpatrikin sözlərinə görə, sürücü maşını qəsdən camaatın üstünə çırpıb: "Bu adam mümkün qədər çox insanı vurmağa çalışırdı".
Kirkpatrikin sözlərinə görə, hücumçu hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb və onlardan ikisini yaralayıb. CNN polisə istinadən xəbər verir ki, hadisəni törədən şəxs öldürülüb.
Bu arada ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Yeni Orleanda baş vermiş hücumla bağlı danışarkən, Prezident Cozef Baydenin dövründə ölkədə aparılan qanunsuz miqrasiya siyasətini tənqid edib: “Mən ölkəmizə gələn cinayətkarların burada olan cinayətkarlardan dəfələrlə pis olduğunu deyəndə bu bəyanat Demokratlar və onların saxta xəbərlər mediası tərəfindən daim təkzib edildi, lakin bunun həqiqət olduğu ortaya çıxdı”.
“Ölkəmizdə cinayət dərəcəsi indiyədək görünməmiş səviyyədədir. Ürəyimiz bütün günahsız qurbanlar və onların yaxınları, o cümlədən Yeni Orlean polisinin cəsur zabitlərinin yanındadır. Tramp administrasiyası bu qəddarlıq aktından sonrakı bərpa prosesində və hadisənin araşdırılmasında Yeni Orlean şəhərinin rəhbərliyini tam dəstəkləyəcək”, - deyə yeni Prezident əlavə edib.
Senzor.az