Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb.
Bu barədə ölkənin "Sinxua" agentliyi məlumat yayıb.
Təbii fəlakət nəticəsində 188 nəfər xəsarət alıb.
Qeyd edək ki, bundan əvvəl 95 nəfərin öldüyü bildirilirdi. Zəlzələ nəticəsində 3 609 ev dağılıb.
Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında Nepalla sərhədə yaxın olan Tibet Muxtar Vilayətinin Tinqri dairəsində 7,1 bal gücündə zəlzələ baş verib.
**12:56
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
Senzor.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
**10:56
Çinin Tibet Muxtar Rayonunda 7,1 bal gücündə (əvvəlcə 6,8 bal gücü göstərilmişdi) zəlzələ olub.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, zəlzələ yerli vaxtla səhər saat 9:05-də Şiqatse şəhərinin Dinqri rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.
Rayonun fəlakətlərlə mübarizə qərargahının indiyə olan məlumatına görə, yeraltı təkanların səbəb olduğu dağıntılar nəticəsində 53 nəfər ölüb, 62 nəfər xəsarət alıb. Təxminən min evə ziyan dəyib. Yeraltı təkandan sonra Çin Zəlzələ Administrasiyası bölgədə 2-ci dərəcədə fövqəladə reaksiya elan edib. Təbii fəlakət bölgəsinə əlavə qüvvələr cəlb olunub. Ümumilikdə, axtarış-xilasetmə işlərinə 1500 nəfər cəlb edilib. Zəlzələ bölgəsinə çadır, çarpayı, isti geyimlər və digər lazımi vasitələr göndərilib. Proses davam edir. Evləri dağılanlar müvəqqəti məntəqələrdə, o cümlədən çadırlarda yerləşdirilir.
Zəlzələnin episentrinin yerləşdiyi Dinqri rayonunda 61 min adam yaşayır.
Çin Seysmologiya Mərkəzi zəlzələnin episentrinin 200 kilometr radiusunda son 5 ildə gücü 3-dən yuxarı 29 yeraltı təkan qeydə alındığını açıqlayıb. Hazırkı zəlzələ onların ən güclüsüdür.