ABŞ Prezidenti Cozef Bayden Kaliforniya ştatında meşə yanğınları səbəbindən miqyaslı fəlakət rejimi elan edib.
Senzor.az bildirir ki, Ağ Evin məlumatına görə, fəlakət rejimi federal maliyyəni Los-Anceles dairəsindəki zərərçəkənlər üçün əlçatan edəcək. Həmin vəsait yanğınların nəticələri ilə mübarizə aparmaq üçün yerli hakimiyyət orqanlarına və özəl qeyri-kommersiya təşkilatlarına yönəldiləcək.
Qeyd edək ki, Los-Anceles dairəsində çərşənbə axşamı başlayan yanğınlar güclü külək səbəbindən sürətlə yayılmaqda davam edir. Associated Press agentliyi təbii fəlakət nəticəsində azı 5 nəfərin həlak olduğunu və mindən çox binanın yararsız hala düşdüyünü bildirib. Yerli hakimiyyət orqanları regiondakı bütün məktəblərinin bağlanacağını açıqlayıb. Ştatın müxtəlif yerlərində 150 minədək insan təxliyə ediləcək.
Hazırda Los-Anceles dairəsində quraqlıq və güclü küləklər səbəbindən altı yanğın ocağı aktivliyini artırır.
“AccuWeather” konsaltinq şirkətinin proqnozlarına görə, təbii fəlakət Birləşmiş Ştatlarda təxminən 52-57 milyard dollar iqtisadi itkilərə səbəb olacaq.
Meşə yanğıları nəticəsində bölgədə yaşayan 175 mindən çox insan işıqsız qalıb.
Yerli hakimiyyət orqanları qonşu ştatlardan yardım istəyib. Vaşinqton, Nevada və Oreqondan kömək üçün fəlakət zonasına yanğınsöndürən və təcili yardım heyətləri göndərib.
ABŞ-ın dövlət başçısı Cozef Bayden hadisə ilə bağlı İtaliyaya səfərini ləğv edib, yeni seçilmiş prezident Donald Tramp isə yaranmış vəziyyətə görə Kaliforniya qubernatoru Qevin Nyusomu günahlandırıb və onu istefaya çağırıb.