Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam Livanın Baş naziri təyin edilib və ölkənin yeni hökumətini formalaşdıracaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Livan Prezidenti Aparatının yaydığı bəyanatda belə deyilir.
“Prezident Cozef Aun parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra Nəvaf Salama Livanın yeni hökumətini qurmağı tapşırıb”, - məlumatda qeyd olunub.
Daha əvvəl Salam 128 deputatdan 85-nin dəstəyini qazanıb, parlamentin yalnız 9 üzvü onun rəqibi, Baş nazir səlahiyyətlərini icra edən Nəcib Mikatiyə səs verib, qalanları isə hər hansı namizədi dəstəkləməkdən imtina edib.
Qeyd edək ki, 71 yaşlı diplomat və hüquqşünas Nəvaf Salam 2007-2017-ci illərdə Livanın BMT-dəki daimi nümayəndəsi olub. 2018-ci ildə o, Beynəlxalq Ədalət Məhkəməsinin üzvü, 2024-cü il fevralın 6-da isə BƏM-in sədri seçilib. Salam Beyrutun zadəgan ailəsinə mənsubdur, onun əmisi oğlu Tammam Salam 2014-2016-cı illərdə Livan hökumətinə rəhbərlik edib.