Vaşinqtonda Reyqan hava limanı yaxınlığında sərnişin təyyarəsi havada “Black hawk” hərbi helikopteri ilə toqquşub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Hərbi hava qüvvələri administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb. Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirib.
Bu arada “American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. Qeyd olunub ki, qəzadan sonra təyyarə və helikopter hava limanının yanındakı Potomak çayına düşüblər.
“The Washington Post”un məlumatına görə, polis çaydan bir neçə cəsədi və dörd nəfəri sağ çıxarıb. “Reuters” isə bildirib ki, Vaşinqtonda təyyarə ilə toqquşan helikopterdə üç hərbçi olub.
Artıq ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı məlumatlandırılıb. O, baş verən təyyarə qəzasını faciə kimi qiymətləndirib.