Suriyanın yeni hakimiyyəti İsraillə həmsərhəd olan Qolan təpələri bölgəsinin müdafiəsi üçün cənub ərazilərinin təchizatında Türkiyədən kömək istəyib.
Bu barədə “Türkiye” qəzeti yazıb.
Suriya mənbələri bildiriblər ki, keçid hakimiyyətinin rəhbəri Əhməd əl-Şaranın administrasiyası sərhəd təhlükəsizliyi və ordunun yenidən qurulması ilə bağlı Türkiyəyə müraciət edib.
Dəməşqin İsraillə həmsərhəd olan dəhlizə, yəni Qolan təpələri bölgəsinə nəzarət üçün əsasən Türkiyənin pilotsuz uçuş aparatları, əlavə radar sistemləri, radioelektron mübarizə və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Mənbə qeyd edir ki, ilk PUA tədarükü yaxın gələcəkdə həyata keçiriləcək.
Qeyd olunur ki, Ankara və Dəməşq arasında bu sahədə əməkdaşlıq məsələləri Türkiyə Müdafiə Nazirliyi nümayəndələrinin Suriyaya bu yaxınlarda baş tutmuş səfərləri zamanı ətraflı müzakirə edilib. Texniki detallar, həmçinin Türkiyə silah və sistemlərinin harada və necə istifadə ediləcəyi müzakirə olunub. “Türkiye” qəzetinin yazdığına görə, Suriyanın yeni hakimiyyəti müdafiə sahəsində əməkdaşlıq məsələlərində Türkiyənin xeyrinə seçim edib.
Qəzetin ərəb mənbələri həmçinin bildiriblər ki, Türkiyə Suriya ordusuna təlim keçəcək və bunun üçün Suriyada Türkiyənin iki hərbi bazasının qurulması planlaşdırılır. Müvafiq saziş hazırlanır və yaxın zamanda imzalanması planlaşdırılır. Mənbələrin bildirdiyinə görə, bu sənəd Suriyanın təhlükə ilə üzləşəcəyi təqdirdə Türkiyənin yardım göstərməsi barədə müddəanı da təsbit edəcək. Bundan əlavə, saziş Suriya Hərbi Hava Qüvvələrinin pilotlarının hazırlanmasını da nəzərdə tutacaq və bunun üçün Suriya HHQ formalaşana qədər Türkiyənin iki bazasında 50 ədəd F-16 qırıcısının yerləşdirilməsi planlaşdırılır.
“Report” xatırladır ki, açıq mənbələrdən əldə edilən məlumata görə, hazırda Türkiyənin silahlanmasında təxminən 230 ədəd F-16 qırıcısı var.