İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı cari vəziyyət və HƏMAS qruplaşması ilə atəşkəs sazişinin növbəti mərhələsi üzrə danışıqlar məqsədilə ABŞ-a səfərə gedib.
Məlumata görə, onun təyyarəsi Merilend ştatındakı "Endryus" Hərbi Bazasında İsrailin ABŞ-dakı səfir Yeçel Leyter, BMT-dəki nümayəndəsi səfiri Denni Denon və və Nyu-York üzrə Baş konsul Ofir Akunis tərəfindən qarşılanıb. Baş nazirin səfər çərçivəsində əvvəlcə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof ilə görüşəcəyi bildirilir.
Netanyahunun Prezident Donald Trampla görüşü isə sabah baş tutacaq. Tramp jurnalistlərə açıqlamasında gözlənilən görüşü "böyük görüş" kimi qiymətləndirib.
Xatırladaq ki, İsrailin hökumət başçısının ABŞ-a gözlənilən səfəri barədə ötən həftə yerli mətbuatda xəbərlər yayılırdı. Bu səfərin əvvəlcə 3-5 fevral aralığında reallaşacağı diqqətə çatdırılırdı. Yanvarın 28-də isə Donald Tramp Vaşinqtona səfərlə əlaqədar Netanyahuya şəxsən dəvət göndərib. Beləliklə, Benyamin Netanyahu Ağ Evdə Trampın qəbuluna gələn ilk xarici liderdir.