Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-ın iştirakı olmadan özlərini müdafiə edə bilməyəcəklər.
TASS xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında deyib.
"NATO-nun ABŞ olmadan mövcud ola biləcəyi ilə bağlı fərziyyə bir çox səbəblərə görə yanlışdır. ABŞ-siz Avropanın müdafiəsi bir çox səbəblərə görə mövcud ola bilməz", - o deyib.
M.Rutte həmin səbəbləri açıqlamayıb.
Baş katib söyləyib ki, Şərqi Avropada davam edən müharibə sadəcə Rusiya ilə Ukrayna arasında müharibə deyil, geosiyasi məsələdir: “Aİ və ABŞ ümumi ərazilərini birlikdə müdafiə etməyə qadirdirlər”.
Yeri gəlmişkən, NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq də gedənə yaxın etiraf etmişdi ki, Alyansın Avropalı üzvləri hərbi potensialına görə Rusiyadan daha aşağı səviyyədədirlər: “Hazırda Avropa ölkələrində potensial münaqişə üçün çox az sayda silah, texnika və hərbi personal var”.