Gürcüstanın sabiq baş naziri Giorgi Qaxariyaya və ölkənin Almaniyadakı sabiq səfiri Elquca Xokrişviliyə Tbilisi hava limanında yumurta atılıb.
Gürcüstan mediası bildirir ki, onlara qarşı təşkil olunan “yumurtalı hücum” Münhen Təhlükəsizlik Konfransından qayıdarkən baş verib.
Yayılan videoda bir neçə nəfər cib telefonları ilə hadisələri lentə alır, keçmiş baş nazirin ünvanına “Artıq USAID tərəfindən maliyyələşdirilmirsən?”, “Sən artıq korrupsioner, prinsipsiz agent deyilsən?” sualları səsləndirilir.
“Gürcüstan Naminə Qaxariya” partiyasının üzvü Beka Liluaşvili bildirib ki, bu, partiya lideri “Gürcü Arzusu”nun qurucusu, milyarder Bidzina İvanişvilinin tərəfdaşlarının təşəbbüsüdür: “Bidzina İvanişvili mütəşəkkil qrup göndərib. Onlar komandamızın sədrinə və üzvünə qarşı təhqiramiz hərəkətlər ediblər. O cümlədən şifahi təhqir və təxribat xarakterli çıxışlar səsləndiriblər”.
Hakim “Gürcü arzusu”nun deputatı Levan Maçavariani isə Qaxariyaya hücumdan bixəbər olduqlarını açıqlayıb: “Gürcü arzusunu günahlandırmaq Qaxariyanın maraqlarına uyğundur”.
Onun sözlərinə görə, bu cür hərəkətlərdə onun partiyasının “imzası” olmayıb.
"Qafqazinfo" xatırladır ki, Qaxariya daha əvvəl Batumidəki “Şeraton” hotelində silahlı hücuma məruz qalmışdı. Hadisədən sonra yerli klinikaya aparılan sabiq baş nazirə burun sınığı və beyin silkələnməsi diaqnozu qoyulmuşdu.