Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 23-ü axşam saatlarında Türkiyəyə gedib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Lavrov və onun türkiyəli həmkarı Hakan Fidan arasında danışıqlar bazar ertəsi, fevralın 24-nə planlaşdırılıb.
Görüşdə ilk növbədə ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlıq məsələlərinin hərtərəfli müzakirəsi nəzərdə tutulur.
Tərəflər diplomatik səylərlə ədalətli və davamlı sülhün bərqərar edilməsi yolu ilə Ukraynada müharibəyə son qoymağın yolları barədə fikir mübadiləsi aparacaqlar. Diplomatlar ABŞ və Rusiya arasında son təmasları və Ankaranın bu prosesə verə biləcəyi töhfəni müzakirə edəcəklər. 2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin indi bu rolu öz üzərinə götürməyə hazır olduğu vurğulanacaq.
Görüşdə Suriya və ümumilikdə Yaxın Şərq də daxil olmaqla regional və beynəlxalq məsələlərin ətraflı müzakirə ediləcəyi gözlənilir. Qeyd olunur ki, Türkiyə XİN rəhbəri Ankaranın Suriya ərazisini terrorçu ünsürlərdən tamamilə təmizləmək əzmini vurğulayacaq, həmçinin Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunmasının fövqəladə əhəmiyyətini vurğulayacaq.
Bundan əlavə, Hakan Fidan İsrailin Suriyanın ərazi bütövlüyünü təhdid edən təcavüzkar mövqeyinin qəbuledilməzliyini qeyd edəcək. Türkiyəli nazir Suriyada sabitliyin bərqərar olması üçün yenidənqurma işlərinin başlanmasının zəruriliyinə diqqət çəkəcək.
Türkiyə diplomatiyasının rəhbəri Qəzza zolağında atəşkəsin daimi olmasının vacibliyini də bəyan edəcək. Fidan Qəzzaya çatdırılan humanitar yardımın həcminin artırılmasının vacibliyinə diqqət çəkəcək. Nazir həmçinin fələstinlilərin öz doğma yurdlarından zorla çıxarılmasının yolverilməzliyinə diqqət çəkəcək. Diplomat vurğulayacaq ki, Yaxın Şərqdə sülh yalnız iki dövlətli həll əsasında əldə edilə bilər.
Sergey Lavrov Türkiyəyə sonuncu dəfə 2024-cü il oktyabrın 18-də 3+3 Regional Əməkdaşlıq Platformasının iclası çərçivəsində səfər edib.
Rusiya və Türkiyə Xarici İşlər nazirlikləri rəhbərlərinin sonuncu görüşü fevralın 20-də Yohannesburqda G20 xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.