Mayın 17-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Marko Rubio hərbi əsirlərin mübadiləsi və hər bir tərəfin atəşkəsə nail olmaq üçün lazım olan şərtlərə öz baxışının hazırlanmasına dair razılaşmaları alqışlayıb və Vaşinqtonun nizamlama axtarışlarını asanlaşdırmağa davam etməyə hazır olduğunu vurğulayıb.
Sergey Lavrov Kiyevin yekunda Rusiya Prezidenti Vladimir Putinin İstanbul danışıqlarını bərpa etmək təklifini qəbul etməsinə töhfə verən ABŞ-ın müsbət rolunu qeyd edib. O, Moskvanın bu kontekstdə amerikalı həmkarları ilə birgə işləməyə hazır olduğunu təsdiqləyib.
Dövlət katibi Rubio da İstanbulda Ukrayna-Rusiya danışıqları zamanı əldə edilən məhbus mübadiləsi razılaşmasını alqışlayıb və Prezident Trampın Birləşmiş Ştatların Rusiya-Ukrayna müharibəsinin dayanıqlı şəkildə sona çatmasına sadiqliyinə dair qəti mesajını çatdırıb.
Söhbət zamanı bir sıra digər beynəlxalq və regional məsələlərə də toxunulub. Lavrov və Rubio Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ötən gün İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar keçirilib.