Türkiyədə qanunsuz mərc oyunlarına qarşı yeni istintaq çərçivəsində elektron ödəniş xidmətləri göstərən "Papara" şirkətinə qarşı əməliyyat keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq zamanı "Papara" platformasının qanunsuz mərc pullarının dövriyyəsində vasitəçilik etdiyi müəyyən edilib. Prokurorluğun məlumatına əsasən, "Papara" vasitəsilə 102 fərqli mərc və qumar saytı qurulub və bu saytlardan əldə edilən pullar 274 bank hesabına köçürülüb.
Əməliyyat çərçivəsində 13 nəfər barəsində həbs qərarı çıxarılıb, 8 şirkətin fəaliyyətinə məhdudiyyət qoyulub, 74 avtomobil, 7 mənzil, 5 qayıq, 1 yaxta və 3 kirayə seyf də daxil olmaqla əmlaklara əl qoyulub. Prokurorluq saxlanılan şəxsləri cinayətkar təşkilat yaratmaq və ona üzv olmaqda da ittiham edir.
Əməliyyat zamanı "Papara" şirkətinin sahibi Ahmet Faruk Karslı da saxlanılan şəxslər arasında yer alıb.