Rusiya Ukrayna ilə münaqişəsinin nizamlanması çərçivəsində Qərbin NATO-nun şərqə doğru genişlənməməsi və sanksiyaların ləğvi ilə bağlı yazılı öhdəliyinə dair şərtlər irəli sürür.
Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən yazıb.
"Prezident Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq şərtlərinə Qərb liderlərinin NATO-nun şərqə doğru genişlənməsini dayandırmaq və Rusiyaya qarşı sanksiyaların bir hissəsinin ləğv etmək barədə yazılı öhdəlik götürməsi tələbi daxildir", - deyə nəşrin məlumatında bildirilib.
Agentlik yazır ki, Moskva böyük Qərb dövlətlərindən NATO-nu şərqə doğru genişləndirməmək barədə "yazılı" öhdəlik almaq istəyir - "bu, bir növ Ukrayna, Gürcüstan, Moldova və digər keçmiş sovet respublikalarının üzvlükdən formal şəkildə istisna edilməsidir".
Rusiya, həmçinin Ukraynanın neytrallığını qoruyub-saxlamasını, Qərbin bəzi sanksiyalarının aradan qaldırılmasını, Rusiyanın Qərbdəki dondurulmuş suveren aktivləri məsələsinin həllini, Ukraynada rusdilli əhalinin qorunmasının təmin olunmasını istəyir.