ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin informasiya texnologiyaları üzrə mütəxəssisi məxfi məlumatların xarici hökumətə ötürülməsinə cəhd ittihamı ilə saxlanılıb.
TASS-ın verdiyi xəbərə görə, bu barədə ölkədə baş prokurorluq funksiyalarını icra edən ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda qeyd edilib.
Sənəddə göstərilir ki, informasiya texnologiyaları sahəsindəki 28 yaşlı mütəxəssis Neytan Vilas Latç 2019-cu ildən qurumda mülki işçi kimi siyahıya alınıb və məxfi məlumatlara çıxışı var. O, Virciniya ştatında məxfi məlumatları "xarici dövlətin vəzifəli şəxsinə və ya casusuna" ötürməyə cəhd edərkən saxlanılıb.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Latç cari ilin mart ayında ABŞ-ın hazırkı administrasiyasının dəyərləri ilə razılaşmadığını əsas gətirərək, anonim şəkildə məlumatları "dost xarici hökumət"in səlahiyyətli orqanlarına təhvil verməyə hazır olduğunu bildirdikdən sonra onunla əlaqə yaradılıb. Eyni zamanda o, bunun müqabilində xarici vətəndaşlıq və "digər təzminat" almaq istəyini ifadə edib.
Latçın məhkəmə qarşısına çıxarılacağı gözlənilir.