İyunun 3-də Cənubi Koreyada keçirilən prezident seçkisində əsas müxalif qüvvə olan Demokratiya partiyasının namizədi Li ce Myun qalib gəlib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) Li Ce Myunun 49,42 faiz səslə Cənubi Koreyanın 21-ci prezidenti seçildiyini açıqlayıb.
Onun əsas rəqibi olan mühafizəkar Xalqın Gücü Partiyasının namizədi Kim Mun Su isə səslərin 41,15 faizini toplayıb. MSK artıq yeni prezidentin rəsmən vəzifəsinin icrasına başladığını elan edib.
Qeyd edək ki, sabiq dövlət başçısı Yun Sok Yolun impiçment yolu ilə vəzifədən uzaqlaşdırılmasından sonra iyunun 3-nə prezident seçkiləri təyin olunmuşdu. Seçkidə 6 nəfər mübarizə aparıb. Seçicilərin 79,4 faizi (35,24 milyon nəfər) səsvermədə iştirak edib. Bu, 1997-ci ildən bəri ən yüksək göstəricidir.