İran Ali Məhkəməsi nüvə və raket alimi Möhsün Fəxrizadəyə sui-qəsddə təqsirləndirilən şəxslərdən biri olan Azad Şücayiyə qarşı edam hökmünü qüvvədə saxlayıb.
Bu barədə HRANA insan haqları təşkilatı məlumat yayıb.
Məlumata görə, Ali Məhkəmə Urmiya İnqilab Məhkəməsinin Şücayi barəsində verdiyi edam qərarını qüvvədə saxlayıb.
Azad Şücayi Möhsün Fəxrizadənin qətli ilə bağlı açılmış cinayət işi çərçivəsində “İsrail üçün casusluq” və “məlumatların ötürülməsi” ittihamları ilə məhkum edilib.
Şücayi ilə yanaşı, bu işdə daha üç nəfər ölüm cəzasına məhkum edilib. Amma o, adı indiyə qədər açıqlanan yeganə şəxsdir.
Azad Şücayi 2024-cü ilin əvvəlində həbs edilib və o vaxtdan Urmiya həbsxanasında saxlanılır. Müstəqil mənbələr məhkəmə prosesi və ya müttəhimlərin etiraflarının məzmunu ilə bağlı dəqiq məlumat əldə edə bilməyiblər.
Teleqraf xatırladır ki, müdafiə nazirinin müavini vəzifəsində çalışmış və İranın nüvə proqramının hərbi hissəsinin hazırlanmasında mərkəzi fiqur sayılan və “İranın nüvə proqramının atası” kimi tanınan Möhsün Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehran yaxınlığında öldürülüb. Bu əməliyyat İranda son 20 ən müəmmalı sui-qəsdlərdən biri hesab olunur.
İranın dövlət mediası hücumun necə həyata keçirildiyinə dair, o cümlədən sui-qəsddə 12 nəfərin iştirak etdiyi, peyk texnologiyası və uzaqdan idarə olunan silahdan istifadə edildiyi iddiaları da daxil olmaqla, ziddiyyətli materiallar dərc edib.
Onu da qeyd edək ki, İran əməliyyata görə İsraili ittiham edir, Təl-Əviv isə xarici əməliyyatlara ənənəvi yanaşmasına sadiq qalaraq, bunu nə təsdiq, nə də təkzib edib.