Ağ Evin keçmiş rəhbəri Co Bayden prezidentliyi dövründə bəzi sənədlərin onun imzasını təqlid edən xüsusi avtomatik qələm vasitəsilə başqa şəxslər tərəfindən imzalandığı barədə iddiaları absurd adlandırıb.
Bu barədə "CBS News" telekanalı məlumat yayıb.
"Gəlin məsələni aydınlaşdıraq: prezident olduğum müddətdə əfv qərarlarını, fərmanları, qanunvericilik təşəbbüslərini və bəyannamələri şəxsən qəbul etmişəm. Bu qərarları mənim vermədiyimə dair bütün iddialar əsassız və həqiqətə uyğun olmayan fikirlərdir", - deyə Co Bayden bildirib.
Qeyd edək ki, bir neçə saat əvvəl ABŞ Prezidenti Donald Tramp Baydenin prezidentliyi dövründə imzalanmış sənədlərdə avtomatik qələmdən istifadə ilə bağlı istintaqın aparılması barədə göstəriş verib.
İstintaqın başlanmasına səbəb ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsinin sədri, respublikaçı Ceyms Komerin verdiyi açıqlama olub. O bildirib ki, Bayden administrasiyası dövründə Ağ Evdə çalışan dörd əməkdaşın keçmiş prezidentin adından avtomatik qələmlə sənədlərə imza atdığı müəyyən edilib.
Konqres məsələ ilə bağlı avtomatik qələm sistemindən istifadəyə cavabdeh şəxslərdən ətraflı izahat alınacağına ümid bəsləyir.