Rusiya İranda qaz layihələrinə 8 milyard dollar investisiya yatıracaq.
Bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali "RİA Novosti" xəbər agentliyinə məlumat verib. O bildirib ki, bu addım iki ölkə arasında imzalanan müqavilələrə əsasən atılır.
Səfirin sözlərinə görə, investisiya məbləğinin təqribən 5 milyard dollar həcmində hissəsi artıq müqavilələrdə öz təsdiqini tapıb. Məbləğin yerdə qalan qismi üzrə isə müvafiq müqavilələrin yekun təsdiqi gözlənilir.
Cəlali, eyni zamanda, vurğulayıb ki, Tehran yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə səfərini gözləyir.
Azvision.az xatırladır ki, Moskva və Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi keçən ayın əvvəlində İran İslam Şurası Məclisinə (parlament) göndərilib. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Bəqayi müqavilənin təsdiqdən ötrü zəruri mərhələlərdən uğurla keçdiyini söyləyib.
Müqavilə 2025-ci il yanvarın 17-də İran Prezidenti Məsud Pezeşkianın Moskvaya səfəri çərçivəsində imzalanıb. Sənəd tərəflər arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin artırılmasını, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini, regional və qlobal fəaliyyətlərin sıx əlaqələndirilməsini nəzərdə tutur.