Türkiyənin müxtəlif vilayətlərində baş vermiş meşə yanğınları ilə əlaqədar 17 nəfər saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Nazirin sözlərinə görə, Respublika Baş prokurorluqları tərəfindən aparılan çoxşaxəli istintaq çərçivəsində 17 şübhəli saxlanılıb. Yanğınların iyunun 26-28-də ölkənin bir sıra bölgələrində baş verdiyi qeyd olunub.
Bilecik vilayətində təhlükəsizlik məqsədilə cəzaçəkmə müəssisəsi boşaldılıb. Orada saxlanılan 1081 məhkum təhlükəsiz şəkildə qonşu vilayətlərdəki digər müəssisələrə köçürülüb. Ailələri və yaxınları məlumatlandırılıb. Digər cəza müəssisələrində yanğın təhlükəsi yoxdur.
Kənd təsərrüfatı naziri İbrahim Yumaklı isə ölkədə iki gün ərzində 150 meşə yanğını qeydə alındığını bildirib. Onlardan 83-ü şənbə günü başlayıb. Yanğınların əksəriyyəti ölkənin qərb və şimal-qərb bölgələrində baş verib. Dörd rayonda gecə saatlarında yanğınsöndürmə işləri davam edib. Hazırda yanğınlar nəzarət altındadır və ya tamamilə söndürülüb.