“2026-cı ildə NATO sammitinin Türkiyədə harada keçiriləcəyinə Prezident Rəcəb Tayyib Ərdoğan qərar verəcək”.
Bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk iyulun 3-də keçirdiyi brifinqdə deyib.
Mətbuat katibi Ankarada tikilməkdə olan “Ay-Ulduz” Hərbi Komandanlıq Qərargahında (“Türkiyə Pentaqonu” da adlandırlır – red.) keçirilə biləcəyi ilə bağlı yerli KİV-də yayılan iddianı belə şərh edib: “Mətbuatda 2026-cı ildə NATO sammitinin Ankaradakı “Ay-Ulduz” Qərargahında keçiriləcəyi barədə məlumat yayılıb. Müdafiə Nazirliyi, Baş Qərargah və Silahlı Qüvvələrin bölmələrinin komandanlıqlarının yerləşəcəyi müştərək Qərargahın tikintisi üzrə işlər artıq 92 faiz tamamlanıb. Sammitin yeri ilə bağlı qərarı Prezidentimiz verəcək”.
Teleqraf xatırladır ki, “Ay-Ulduz” Qərargahı paytaxt Ankarada 12,6 milyon kvadratmetr ərazidə inşa edilir. Binada Müdafiə Nazirliyi, Baş Qərargah, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Birgə Əməliyyat Mərkəzi yerləşəcək. Ay-ulduz formalı bina ABŞ Pentaqonuna bənzəyir. 890 min kvadratmetr qapalı sahəyə malik olacaq Qərargahın mərkəzində 23 min kvadratmetrlik mərasim sahəsi olacaq.