Yevlax şəhərində baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
"Report"un məlumatına görə, hadisə şəhərun Nüşabə küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Qətlə yetirilən, 1987-ci il təvəllüdlü Laləzər Camal qızı Bəkirovaya şüşə ilə 18 kəsik xəsarətləri yetirilib. Xəsarətlər əsasən boğaz nahiyəsindən olub və o hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən, qadının əri - 1986-cı il təvəllüdlü Həsrət Ramiz oğlu Bəkirov könüllü olaraq polisə təslim olub.
Qeyd edək ki, ailənin 6 övladı olub. Hadisə zamanı uşaqlar və onların nənəsi də evdə olub. Lakin onlar digər otaqda yatdıqlarından hadisədən sonra xəbərdar olublar.
H.Bəkirov həyat yoldaşını, sındırdığı otaq pəncərəsinin şüşəsi ilə kəsərək qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin psixoloji problemləri olduğu bildirilir.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
**09:44 (02.03.2024)
Martın 2-də saat 03 radələrində Yevlax şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1987-ci il təvəllüdlü Laləzar Bəkirovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Senzor.az bildirir ki, bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
İlkin araşdırmalarla 1986-cı il təvəllüdlü Həsrət Bəkirovun ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.