"Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub".
APA xəbər verir ki, bunu Bərdə rayon mərkəzi xəstəxanasının həkimi Rasim Abdullayev deyib.
Həkim bildirib ki, xəstə hazırda əməliyyatdadır. "Bu gün saat 11:36 radələrində Ağdam rayon təcili yardım şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına Ağdam rayonunda minaya düşmə hadisəsi ilə bağlı 1995-ci il təvəllüdlü kişi cinsli xəstə gətirilib. Xəstəyə hər iki ayağın travmatik amputasiyası və partlayış travması diaqnozu qoyulub. İlkin yardım və müayinələrdən sonra xəstə təcili olaraq əməliyyata qaldırıldı. Hal-hazırda əməliyyatdadır, vəziyyəti ağır olaraq qiymətləndirilir”.
**12:25
Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
**11:53
Bu gün (3 mart - Qeyd) Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina partlayışı baş verib.
Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında deyilir.
Qeyd olunub ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb.
Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib.
"AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!", - məlumatda vurğulanıb.