Azərbaycan Ordusunun zabiti odlu silahdan istifadə etməklə özünü öldürüb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğu Mətbuat Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O, qeyd edib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, Musayev Şəhriyar Nizami oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.
Məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.