Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb.
"Report" xəbər verir ki, rayonun Bəyimsarov kənd sakini, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu üzündən, sağ bazunun və döş qəfəsinin sağ hissəsindən çoxsaylı qəlpə yarası alıb.
Tərtərin Kəbirli kənd sakini, 1992-ci ildə anadan olmuş Tağızadə Arzuman Əhliman oğluna sağ bazu oynağının və boyunun açıq yarası diaqnozu qoyulub. Bundan başqa, o, sağ yuxarı ətrafın çoxsaylı, üzün çoxsaylı qəlpə yarası alıb.
Tərtər rayon Sarov kənd sakini, 2006-cı il təvəllüdlü Bağırov Elmin Elnur oğlunun hər iki ayağı amputasiya edilib. Ona eyni zamanda, sol əlin qəlpə yaraları diaqnozu qoyulub.
Hər üç şəxs mal-qara otaran zaman minaya düşüblər.
**17:43
Tərtər rayonunun Çaylı kəndində mina partlayışı nəticəsində xəsarət alan Bağırov Elmir Elnur oğlunun hər iki ayağı amputasiya edilib.
"Report"un xəbərə görə, hadisədən sonra o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tibb müəsisəsində onun üzərində cərrahiyə əməliyyatı aparılıb.
Mina partlayışında xəsarət alan Tağızadə Arzuman Əhliman oğlu da Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər onun durumunu ağır kimi qiymətləndirirlər.
İsmayılov Polad Alış oğlu Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
**16:45
Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlayıb, 3 nəfər xəsarət alıb.
Senzor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki,1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıblar.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır.