Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA bildirir ki, qəza 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib.
Yol Patrul Xidməti əməkdaşının verdiyi məlumata görə, 28 May küçəsi ilə hərəkətdə olan “Toyota” markalı maşının xanım sürücüsü işıqforun qırmızı işığından keçərkən yol ayrıcında olan “Chevrolet” markalı avtomobilə çırpılıb. Daha sonra “Toyota” mağazaya dəyərək dayanıb.
Qəza nəticəsində “Toyota”nın sürücüsü və sərnişini salonda sıxılıb qalıblar.
Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gələrək yaralıları maşından çıxarıblar.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları da cəlb ediliblər.
Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli isə bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb: “Ümumilikdə beş nəfər xəstəxanaya müraciət edib. Onlardan dördünə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, bir nəfər isə xəsarət alıb”.