Jurnalist Səbuhi Məmmədli dəfn olunub - YENİLƏNİB, FOTO

Tanınmış jurnalist, Lent.az saytının əməkdaşı Səbuhi Məmmədli dəfn olunub.


APA-nın xəbərinə görə, Səbuhi Məmmədli doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb.


Dəfn mərasimində Səbuhi Məmmədlinin yaxınları, çalışdığı "APA Media Group"un rəhbərliyi, media nümayəndələri iştirak edib.

Şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkən Səbuhi Məmmədli, gecə saatlarında müalicə olunduğu “Yeni Klinika”da vəfat edib.


Qeyd edək ki, Səbuhi Məmmədli 11 sentyabr 1970-ci ildə Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetini bitirən Səbuhi Məmmədli əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1990-cı illərdən mətbuatda yazıları çap olunmağa başlayan jurnalist “525-ci qəzet”, “Azərbaycan”, "Yeni Müsavat" qəzetləri ilə əməkdaşlıq edib. Səbuhi Məmmədli 10 ildən çoxdur "Lent.az" saytında çalışıb.


2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlanıb.


Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi.

Azərbaycan Prezident Administrasiyası, MEDİA Agentliyi, Mətbuat Şurası və TƏBİB daim Səbuhi Məmmədlinin durumu ilə maraqlanıb və lazımi tədbirlər görüb. Xəstəlikdən əziyyət çəkdiyi dövr ərzində Səbuhi Məmmədli "APA Media Group" tərəfindən diqqətdə saxlanılıb.


Bir neçə gün əvvəl səhhəti yenidən pisləşən jurnalist M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Daha sonra isə o, Yeni Klinikaya köçürülüb. Həkimlərin səyinə baxmayaraq, süni tənəffüs aparatına qoşulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.

**13:03

Azərbaycan Xarici İşlər Nazirliyi jurnalist, "Lent.az" saytının əməkdaşı Səbuhi Məmmədlinin vəfatı ilə bağlı paylaşım edib.


Senzor.az xəbər verir ki, paylaşımda deyilir:


“Azərbaycan jurnalistikasının dəyərli simalarından olan Səbuhi Məmmədlinin vəfatı bizi dərindən kədərləndirdi. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk.


Allah rəhmət eləsin!”

**11:41

Azərbaycan Mətbuat Şurası jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı nekroloq yayıb.


Senzor.az bildirir ki, nekroloqda deyilir: "Jurnalist, “Lent.az” saytının əməkdaşı Səbuhi Məmmədlinin vəfatı hər birimizə dərin üzüntü və sarsıntı hissi yaşatdı. Mərhumun doğmalarına, yaxınlarına, saysız-hesabsız həmkarlarına dərin hüznlə başsağlığı veririk.


1970-ci ildə anadan olmuş S.Məmmədli Bakı Dövlət Universitetini bitirib. 1990-cı ildən jurnalistikada olub. Müasir dövr Azərbaycan mediasının öz dəst-xətti ilə seçilən istedadlı nümayəndələrindən biri kimi tanınıb. Həm on il ərzində “Lent.az” saytında, həm də müxtəlif illərdə çalışdığı “525-ci qəzet”də, “Azərbaycan” və “Yeni Müsavat” qəzetlərində peşəsinə sədaqəti və həmkarlarına qayğılı münasibəti ilə seçilib. Daşıdığı təməl xüsusiyyətlər özündən gənc həmkarlarının jurnalistikaya rəğbətinin formalaşmasına, bu yolda addımlamalarına stimul verib.


S.Məmmədli yaşadığı qısa ömürdə istedad amilinin jurnalistika üçün nə dərəcədə böyük anlam daşıdığını əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarıb. Onun, yəni, bir istedad adamının yoxluğu həm də bu baxımdan ağırdır.


Bir daha mərhumun doğmalarına, əzizilərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, onların kədərlərini bölüşürük.


Allah rəhmət eləsin!"


Medianın İnkişafı Agentliyi də Səbuhi Məmmədlinin vəfatı ilə əlaqədar başsağlığı verib.


"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Səbuhi Məmmədlinin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!" - başsağlığında bildirilib.

**02:22


Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib.

 

Bu barədə APA-ya onun oğlu Ramal Məmmədli məlumat verib.

 

Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədli hemodializ müalicəsi aldığı Yeni Klinikada dünyasını dəyişib.

 

Ona kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulmuşdu.

 

Jurnalist Səbuhi Məmmədli sabah Ucar rayonu, Müsüslü kənd qəbiristanlığında dəfn ediləcək.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.