
İsrailin müxalif "Yaşar!" partiyasının lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlara dəvət edib.
Ayzenkot bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Ayzenkot bildirib ki, "Likud" partiyası həqiqi birlik yaratmağa hazırdırsa, o, qarşıdakı 24 saat ərzində bu niyyətin nə dərəcədə ciddi olduğunu qiymətləndirməyə hazırdır.
"Bu axşam Netanyahunu və komandasını əsas prinsiplər və siyasi məsələlər üzrə real və sürətləndirilmiş danışıqlara dəvət edirəm", - deyə müxalifət lideri yazıb.
Ayzenkotun bildirdiyinə görə, ötən bazar günü Netanyahuya məxfi əlaqə kanalı vasitəsilə əsas məsələləri əhatə edən ətraflı təklif göndərilib. Onun komandası bəzi məsələlərdə ciddi güzəştlərə getməyi də təklif edib. Lakin indiyədək həmin təklifə cavab verilməyib.
Müxalifət lideri əlavə edib ki, komandası təxminən üç həftə ərzində danışıqlar təşkil etməyə çalışsa da, qarşı tərəfin imtinaları və dialoqdan yayınması ilə üzləşib. Bu müddətdə yaxın günlərdə andiçmə mərasimi keçirilməsi nəzərdə tutulan hökumətin əsas prinsipləri hazırlanıb.
Xatırladaq ki, Netanyahu bundan əvvəl Ayzenkota milli birlik hökuməti qurmağı və Baş nazir vəzifəsində növbə ilə bir-birini əvəz etməyi təklif edib. Təklifə əsasən, ilk mərhələdə Baş nazir postunu Ayzenkot tutmalı, Netanyahu isə alternativ Baş nazir vəzifəsini icra etməlidir.