O, dünyaya göz açdığı kəndi, el-obanı çox sevirdi, doğma Kəlbəcər, ata yurdu Başlıbel haqqında böyük məhəbbətlə danışırdı. İşğaldan azad olunandan sonra doğma yerlərə tez-tez üz tuturdu. Elə 2022-ci ilin avqustunda da yaxın qohumları ilə doğma yerlərin ətrini duymaq, ata yurdundakı qəbiristanlıqda uyuyan əzizlərinin məzarını ziyarət etmək üçün getmişdi. Təəssüf ki, qəfil əcəl Zülfüqar Hüseynzadəni elə öz doğma kəndində haqladı. Doğulduğu kənddə dünyaya “əlvida” dedi...
AZƏRTAC xəbər verir ki, bu barədə Mətbuat Şurasında Moderator.az xəbər portalının qurucusu və mərhum baş redaktoru, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin xatirəsinə həsr olunmuş yazı müsabiqəsinin mükafatlandırma mərasimində bildirilib.
Tədbirdə altıncı çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, şair Zakir Fəxri, eləcə də mərhum jurnalistin həmkarları, iş yoldaşları 10 ildən artıq xəbər portalına rəhbərlik etmiş Zülfüqar Hüseynzadənin Vətənə, torpağa olan sevgisindən, peşəkar keyfiyyətlərindən, qayğıkeşliyi və səmimiyyətindən danışıblar. Qeyd edilib ki, onun xatirəsinin hər il ad günü ərəfəsində keçirilən yaradıcılıq müsabiqəsi ilə yanaşı, bütün varlığı il bağlı olduğu doğma Başlıbel kəndində də əbədiləşdirilməsi çox yaxşı olardı.
Məlumat verilib ki, bir ay davam edən “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinə 23 yazı göndərilib. Münsiflər heyətinin rəyinə əsasən, onların arasından ən yaxşı üç yazı müsabiqənin qalibi olub. Valyuta.az saytının əməkdaşı Əvəz Həsənov, “Futbol+” qəzetinin redaktoru Mahir Rüstəmli və AZƏRTAC-ın əməkdaşı Süleyman Qaradağlı müsabiqənin qalibləri seçiliblər.
“Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsinin hər il iyul-avqust ayında keçirilməsi və növbəti illərdə mükafat fondunun artırılmasının nəzərdə tutulduğu qeyd edilib.