24 sentyabr 2024-cü il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində “Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılış mərasimi keçirilib.
Senzor.az-ın məlumatına görə, açılış mərasimində Azərbaycan nümayəndə heyətinin rəhbəri - Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənmiş qardaşlıq münasibətləri, regionlarımızın inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir.
O qeyd edib ki, Azərbaycan Respublikası və Özbəkistan Respublikasının media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir və bu kontekstdə I Özbəkistan-Azərbaycan Media Forumu xüsusi əhəmiyyət daşımaqla, dezinformasiyaya qarşı mübarizədə birgə səylərin gücləndirilməsini dəstəkləyəcək və mövcud vəziyyətdən çıxış yollarının tapılması baxımından əlamətdar olacaq.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov vurğulayıb ki, informasiyanın əsas resurs hesab edildiyi müasir dövrdə dezinformasiya vasitəsilə manipulyasiya ictimai asayişin sabitliyinin pozulmasına və dövlət qurumlarına inamın sarsıdılmasına səbəb ola bilər. Buna görə də, təcrübə və uğurlu modellərin mübadiləsi, yeni bacarıq və yanaşmaların öyrənilməsi çox vacibdir.
Media Forumda iştirakla yanaşı, Azərbaycan media nümayəndələrinin, dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşlarının təcrübə mübadiləsi çərçivəsində özbəkistanlı həmkarları ilə görüşlər keçirmək imkanı əldə etdiyini qeyd edən K.Həsənov informasiya mübadiləsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan və Özbəkistan media subyektləri arasında sıx əməkdaşlığının daha da gücləndirilməsinin labüdlüyünü diqqətə çatdırıb.
Sonda Forumda iştirak edən media nümayəndələrinə Azərbaycanda COP29 ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma, ümumilikdə Azərbaycanın yaşıl dünya naminə irəli sürdüyü təşəbbüslər barədə əhatəli və genişmiqyaslı məlumatlandırmanın təmin edilməsi, müxtəlif müstəvilərdə media dəstəyinin göstərilməsi barədə çağırış edilib.