
Senzor.az bildirir ki, məlumatı mərhumun qardaşı, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov sosial şəbəkədə yayıb.
Onun sözlərinə görə, M.Süleymanzadə şəkərli diabetdən dünyasını dəyişib.
Qeyd edək ki, Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakültəsini bitirib. 1974 - 1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
Müxtəlif illərdə "Leninskoye znamya", "Krasnaya zvezda", "İdman" - "Sport" qəzetlərində, "Sovetskiy voin" jurnalında çalışıb. "Kommunist" qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan "Səhər" qəzetini təsis edib.
Bir müddət pedaqoji fəaliyyətlə məşqul olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü, 20-dək kitabın müəllifi, redaktoru və naşiridir.
1984-1994-cü illərdə "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", həmçinin "Araz" Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
M.Süleymanzadə futbol sahəsində də fəaliyyət göstərib. O, "Neftçi" və AFFA-da mətbuat katibi, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində çalışıb.
Məzahir Süleymanzadə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbərliyində təmsil olunurdu.
Allah rəhmət eləsin!