Rusiya Prezidenti Vladimir Putin Ermənistan prezidenti Vaaqn Xaçaturyana və baş nazir Nikol Paşinyana respublikanın Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, V.Putin respublikanın bütün vətəndaşlarına sülh və firavanlıq arzulayıb.
"Rusiya-Ermənistan münasibətləri yaxşı dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ölkələrimiz siyasi, ticarət-iqtisadi, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq edir, birlikdə Avrasiya inteqrasiya proseslərinin təşviqinə mühüm töhfə verir", - deyə Rusiya Prezidentinin Xaçaturyana təbrik məktubunda deyilir.
Putin məktubunda iki ölkə arasında müttəfiqlik əlaqələrinin daha da möhkəmlənməsinin Rusiya və Ermənistanın qardaş xalqlarının maraqlarına uyğun olduğuna əmin olduğunu bildirib.
Ermənistanın baş nazirinə ünvanladığı təbrikdə isə Rusiya lideri Aİİ, KTMT, MDB və digər strukturlar çərçivəsində müxtəlif sahələrdə uğurlu əməkdaşlığın və səylərin əlaqələndirilməsinin vacibliyini qeyd edib: “Əminəm ki, bütün konstruktiv ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi rus və erməni xalqlarının fundamental maraqlarına cavab verir və 2020 və 2021-ci illərdə bağlanmış üçtərəfli sazişlərin ardıcıl icrası uzunmüddətli sülh və Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsi üçün yaxşı əsasdır”.
Qeyd edək ki, 21 sentyabr 2022-ci ildə Ermənistan respublikası dövlət bayramını - müstəqillik gününü qeyd edir. 31 il əvvəl referendum zamanı respublika vətəndaşları Ermənistanın SSRİ-dən çıxmasının lehinə çıxış ediblər.
Senzor.az