"Azərbaycanda hərbi-siyasi təhlil sahəsində müəyyən boşluqlar var. Ona görə də güclü beyin mərkəzlərinə ehtiyac var".
Bunu Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov Azərbaycan Beyin Mərkəzlərinin l Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan danışıqları "girovdadır": "Buna təsir edən isə geopolitik mübarizədir. Bu mübarizə Ermənistana mane olur".
Politoloqun fikrincə, geosiyasi durum region üçün çox vacibdir: "Bizdə İranla, Türkiyə ilə bağlı yaxşı mütəxəssis həmişə olub. Amma Mərkəzi Asiya ilə bağlı ciddi araşdırmalar, demək olar ki, olmayıb. Halbuki bu, çox vacibdir. Mərkəzi Asiya ilə bağlı tədqiqatlara ehtiyac var".
Senzor.az xatırladır ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Bakıda Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir.
Forumun keçirilməsinin əsas məqsədi beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılmasını, dövrün tələblərinə uyğun təşkil edilməsini, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasını təmin etməkdir.