Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.
Senzor.az-ın məlumatına görə, sabiq nazir bir az əvvəl cəzaçəkmə müəssisəsindən azad olunub.
Qeyd edək ki, ötən gün Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərovun cəzası 6 il 9 ay 20 günə endirilmişdi. Həmin müddət də başa çatdığı üçün təqsirləndirilən şəxsin dərhal azad olunması ilə bağlı qərar çıxarılmışdı.
Xatırladaq ki, V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunmuşdu. Bu maddələrlə yanaşı, V.Ələsgərova telefon danışıqlarını qanunsuz dinləməyə görə CM-in 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddəsi ilə də ittiham elan edilmişdi.
2016-cı ildə Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vəli Ələsgərov 14 il azadlıqdan məhrum edilmişdi. Naxçıvan Ali Məhkəməsi onun apellyasiya şikayətini təmin etməmişdi.