Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.
Artıq fərmanlar hüquqi məlumatların internet portalında yerləşdirilib.
Fərmanlarda deyilir ki, qərar “BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini tanıyan və təsdiq edən beynəlxalq hüquq normalarının ümumi qəbul edilmiş prinsip və normalarına uyğun olaraq” və referendumda “xalqın iradəsi” nəzərə alınmaqla qəbul edilib.
Daha əvvəl Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına daxil olmasına dair sazişlər sentyabrın 30-da Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtilə 16:00) Böyük Kreml Sarayının Georgi zalında imzalanacaq.