Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gəlir. O, azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Zəngilan hava limanının açılışında iştirak edəcək.
Vətən müharibəsindəki qələbədən sonra bu, Ərdoğanın Qarabağa növbəti səfəridir. O, daha əvvəl Füzuli hava limanının açılışında da iştirak etmişdi.
Vətən savaşından sonra Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşmasında, "suların durulmasında" qardaş ölkənin mühüm rolu var. Bu, xüsusilə Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası kontekstindən qiymətləndirilməlidir.
İndi nəinki regional siyasi aktorlar, bütün dünya bilir ki, Türkiyə ilə Azərbaycan regionda birgə addım atırlar. Bu iki dövlətin qardaşlığı artıq planetə məlumdur. Və təbii ki, beynəlxalq ictimai rəyin formalaşmasında qarşılıqlı səfərlərin mühüm rolu var.
Ərdoğanın işğaldan azad edilmiş ərazilərə səfərləri, xüsusilə hava limanlarının açılışında iştirakı dünyaya verilən vacib mesajdır: Türkiyə regionda sabitliyin qorunmasında əsaslı rol oynayır. Bölgədə xaos yaratmaq istəyən güclər bunu mütləq nəzərə almalı, nəinki Bakı, həm də Ankara ilə hesablaşmalıdırlar.
Çox güman ki, dövlət başçılarının çıxışlarında mühüm mesajlar veriləcək. Həmin ismarıclar xüsusilə Cənubi Qafqazdakı sülh və sabitliklə bağlı olacaq. Liderlərin Ermənistanla münasibətlər barədə danışması, onu təxribatlardan çəkinməyə, dialoqa çağırmaları gözləniləndir. Əlbəttə, həmişə olduğu kimi, digər tərəflər, o cümlədən Rusiya, İran da bu mesajlardan nəticə çıxarmalı olacaqlar.
Məsələ burasındadır ki, Ermənistanın Türkiyə ilə diplomatik əlaqələri bərpa etməkdən, Azərbaycanın şərtlərini yerinə yetirməkdən başqa yolu yoxdur. Sadəcə Baş nazir Nikol Paşinyan reallıqları anlamalı, üçüncü qüvvələrin yox, öz dövlətinin maraqlarından çıxış etməlidir. Həmçinin üçüncü qüvvələr də bilməlidirlər ki, regionda artıq asanlıqla "at oynada bilməzlər".
İkinci bir tərəfdən, Azərbaycanla Türkiyə arasında baş tutan qarşılıqlı səfərlər Türk Dövlətləri Təşkilatının inkişafı, türkdilli dövlətlərin inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir. Artıq Türk Dövlətləri Təşkilatı əsas beynəlxalq qurumlardan birinə çevrilib. İntensivləşən təmaslar, həmçinin səfərlər nəticəsində bu təşkilatın daha da inkişaf edəcəyi, nüfuzunun artacağı şübhəsizdir.
Bundan başqa, Ərdoğanın Qarabağa səfəri region ölkələri üçün nəzərdə tutulmuş altılıq platformasının formalaşmasına da mühüm töhfədir.
Beləliklə, bugünkü səfər eyni ilə əvvəlkilər kimi, təkcə ikitərəfli və regional əlaqələr müstəvisində deyil, beynəlxalq münasibətlər kontekstində də kifayət qədər əhəmiyyətlidir. Gələcəkdə belə səfərlərin daha da intensivləşəcəyini düşünmək olar.
Kənan Novruzov,
siyasi ekspert