Araik Arutyunyanın Xankəndidəki separatçı xuntanın rəhbəri vəzifəsindən faktiki kənaraşdırılmasından sonra vəziyyət daha da ağırlaşıb. Gərginlik ilk əvvəl erməni separatçıların özləri üçün təhlükəlidir.
Bakı üçün Xankəndidəki xuntanın rəhbərinin kimliyi maraqsızdır. X yerinə Y olarsa, yaxud Y-nı Z əvəzləyərsə, durumda ciddi dəyişikliklər yaşanmayacaq: riyaziyyatın təməl qanunlarından birinə müvafiq olaraq toplananların yerini dəyişəncə cəm dəyişmir.
Ermənistanın baş naziri Nikol Paşinyanın adamı olan Araikin kənarlaşdırılmasından sonra separatçılara Xankəndidəki xuntanın sabiq “qaulyayter”lər Arkadi Qukasyan və Bako Saakyana bağlı insanları yerli hakimiyyətə gətirdilər. Eyni zamanda, yeni komandanın formalaşmasında Rusiyanın Xankəndiyə ezam etdiyi Ruben Vardanyan da çox fəal iştirak etməkdədir.
Bu komanda habelə, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyanın idarə etdikləri “qarabağlılar klanı”na bağlıdır.
Xankəndidə Paşinyanın təyin etdiyi və ya təyinatında önəmli rol oynadığı fiqurları kənarlaşdıranlar bütünlüklə Rusiya Federasiyasının hakimiyyət eşelonlarındakı qüvvələrin təlimatı ilə hərəkət edirlər. Onlar xuntanın əvvəlki heyətindən fərqli olaraq daha aqressiv, daha revanşist və daha separatçıdırlar.
Araik Arutyunyandan sonra başlamış dövrdəki separatçı xuntanın məntiqi və ya adekvatlığı isə dərin şübhə doğurur.
Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin (RSK) nəzarətində olan areallarda yaşayan erməniləri “sonadək qətiyyətli mübarizə”yə səsləyən yeni xunta adambaşına çörək litimini də müəyyənləşdirib. “Aclıq, blokada, humanitar fəlakət” idefikslərini gücləndirməyə, separatizmə dəstəyi artırmaq narrativlərinə xidmət edən bu qərarda habelə, qarabağlı erməni fermerlərin topladıqları buğdanın son kiloqramadək təhvil verilməsi də nəzərdə tutulur. Yəni qarabağlı erməni fermer taxılı yığandan sonra onu un edərək satmaq hüququna artıq malik deyil: “zəruri ehtiyac”larını ödəmək üçün fermer taxılı özü fərdi şəkildə dəyirmana aparmalıdır. Təbii ki, buğdanı təhvil verəndən sonra nə isə qalarsa.
Beləliklə, Xankəndidə hazırda Ermənistanın baş naziri Nikol Paşinyana qarşı aqressiv siyasi platforma formalaşır. Vardanyanın maliyyələşdirdiyi, Qukasyan və Saakyanın dəstəklədiyi, Köçəryanla Sarqsyanın idarə etdiyi platformanın məqsədi Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq, bütünlüklə Rusiyaya meyilli və Moskvadan idarə olunmağa öyrəşmiş “qarabağlı ermənilər klanı”nı iqtidara qaytarmaqdır.
Ruben Vardanyan ötən il bu əməliyyatı gerçəkləşdirmək istəsə də, rəsmi Bakının sərt mövqeyindən sonra o, «dövlət naziri» postu ilə vidalaşmaq məcburiyyətində qalaraq Xankəndidəki siyasi intriqalar müstəvisinin kənarına atılmışdı.
Nikol Paşinyan cərəyan edən hadisələrin mahiyyətini, ssenari müəlliflərinin kimliyini və proseslərin haradan idarə olunduğunu anladığından son vaxtlar ifrat sərt anti-Rusiya mövqeyi tutub.
Qarabağı Azərbaycan ərazisi qismində tanımasından sonra danışıqlar prosesində yaranmış kiçik, amma müsbət irəliləyişi sonrakı bəyanatları ilə darmadağın edən N.Paşinyan hazırda Ermənistanı faktiki olaraq bu prosesdən çıxarıb.
Rusiyanın Ermənistandakı təsir agentlərini, Moskvadan idarə olunan siyasi qüvvələri zərərsizləşdirmək, revanşistlərin və yeni müharibə istəyən aqressiv radikalları sakitləşdirmək üçün Nikol Paşinyan yenə, 2020-ci ilin sentyabrı ərəfəsində olduğu kimi, maksimum sərt mövqe tutaraq Bakı qarşısında bitmək bilməyən tələblər səsləndirir, şərtlərini dilə gətirir.
Paşinyan görür ki, Robert Köçəryanla Serj Sarqsyan revanşistlərdən, hayizm mərəzinə tutulmuş irqçilərdən, daşnaklardan və aqressiv ritorikalı radikal müxalifətçilərdən yeni cəbhə formalaşdıraraq onu devirməyə hazırlaşırlar.
Köçəryan-Sarqsyan duetinin fəaliyyətinin motivləri intiqam duyğusu, səbəbləri isə Ermənistanın Qərbə meyillənməsinin qarşısının dərhal, təxirəsalınmaz şəkildə alınması ilə bağlı təlimatlardır.
Opponentlərini həriflətməyə çalışan Nikol Paşinyanın yeni sınağı sentyabrın 17-də İrəvan meriyasına keçiriləcək seçkilərdir. Ermənistanda hakimiyyət komandasını təşkil edən “Vətəndaş Müqaviləsi” Partiyası bu seçkiləri uduzarsa, iqtidarın mövqeləri əhəmiyyətli dərəcədə sarsılacaq, hazırda xaotik və dağınıq vəziyyətdə olan müxalifət düşərgəsində isə təmərküzləşmə, güclənmə və təşkilatlanma başlayacaq.
Rəsmi Bakı bu proseslərə təsir etmək niyyətində deyil, çunki Nikol Paşinyan təki, Köçəryan-Sarqsyan dəstəsi də yekun sülh sazişinin imzalanmasını sürətləndirmək niyyətində deyillər.
Azərbaycanın hədəfləri arasında Ermənistanda hakimiyyət dəyişikliyi yox, Ağdam-Xankəndi yolunun istifadəyə verilməsi, Xankəndidəki separatçı rejimin mövcudluğuna son qoyulması, erməni separatçılarının silahlı dəstələrinin tərksilah olunması, qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Zəngəzur dəhlizi layihəsinin işə salınması və yekun sülh sazişinin imzalanması var.
Erməni separatçıların və onların havadarlarının siçovul oyunları, kimlərin kimləri əvəzləmək istəməsi və ya devirməyə can atması ciddi önəm kəsb etmir.
Danışıqlar marionetlərlə yox, həmin kuklaların iplərini çəkənlərlə aparılmalıdır və aparılacaq da.
Robert Köçəryanla Serj Sarqsyana gəldikdə isə, bu qoca tülkülərin ötən həftə İrəvanın mərkəzindəki mitinqdə peyda olmaları təsadüf deyildi. Onlar bilavasitə aldıqları göstərişə əməl edərək aksiyaya qatıldılar və Paşinyan hakimiyyətinə xəbərdarlıq siqnalı verərək aktiv siyasətə döndüklərinə işarə vurdular.
Ermənistan uğrunda hazırda Qərblə Rusiya arasında mübarizə getdiyi, qarşıdurmaya tərəf qismində Hindistanla İranın da qatılaraq öz maraqlarını təmin etməyə çalışdıqlarını nəzərə alsaq, bölgədəki vəziyyətin yaxın vaxtlarda sakitləşəcəyini, proseslərin stabilləşəcəyini ehtimal etmək sadəlövhlük olardı.
Ermənistanda illərdən bəri “üçüncü qüvvə”nin formalaşmasına ümid olsa da, bu qüvvə yaranmadı və sonucda Köçəryan-Sarqsyan dueti daxili siyasi müstəvidəki boşluqdan yararlanmaq, öz gündəmlərini formalaşdırmaq qərarına gəliblər.
Onlar anlayırlar ki, “üçüncü qüvvə” olmadığından Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırsalar “qarabağılar klanı”ndan savayı hakimiyyətə güclü, real alternativ yoxdur.
Qərbə gəldikdə isə, Vaşinqton və Brüsselin fəaliyyəti Parisin aqressiv ermənipərəst ritorikasının dağıdıcı təsirlərinin qarşısını ala bilmədi. Üstəlik, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prosesinin qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə eyni müstəvidə tutulması Qərbin mövqelərinin zəifləməsinə və fəaliyyət müstəvisinə nəzarətin əhəmiyyətli dərəcədə Rusiyanın əlinə keçməsinə səbəb oldu.
Sadalıdığımız amillər Paşinyanın hakimiyyəti üçün indiyədək olmamış təhlükə yaradıb. Xankəndidəki xunta İrəvandakı “qarabağlı klanı” ilə birləşərək Paşinyanı devirmək, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına imkan verməmək, qarabağlı ermənilərin Azərğaycana reinteqrasiyasının qarşısını almaqda qərarlıdır.
Bu proseslərə fəal müdaxilə etməzsə, Qərb ermənilərə hamilik rıçaqlarını Rusiya və İrana uduzacaq.
Qarabağlı ermənilərlə dialoqu sülh sazişinin şərti saymağa davam edərsə, Qərb məğlub olacaq.
Paşinyanla birlikdə...