BRÜSSEL ŞOUSU: MOSKVA VƏ ANKARANIN SƏBRİ TÜKƏNDİ
ELÇİN ALIOĞLU YAZIR

ABŞ və ümumiyyətlə, Qərbin öz müttəfiqlərini sonradan hansı vəziyyətə düçar etdiklərini Ermənistan yada salmalıdır.

 

Bu gün Belçikanın paytaxtı Brüsseldə ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.

 

"Konfrans" adlanan bu görüşdə Qərbin Ermənistana siyasi, iqtisadi, maliyyə, enerji və hərbi yardımlar göstərməsi, xüsusilə də geosiyasi və diplomatik dəstək verməsi ilə bağlı anlaşmanın imzalanması nəzərdə tutulub.

 

Brüssel görüşünün rəsmi Bakı tərəfindən ciddi narazılıqla qarşılandığı bəllidir, çünki Qərbin sürətlə silahlandırmağa hazırlaşdığı Ermənistanın bu silah və hərbi texnikadan məhz Azərbaycana qarşı istifadə etmək niyyətində olması şübhəsizdir.

 

Digər tərəfdən, Qərbdən ən geniş müstəvidə dəstək alan Ermənistan sülh müqaviləsinin imzalanmasına yönəlmiş danışıqlarda mövqeyini sərtləşdirərək bölgəni yeni gərginliyə və qarşıdurmaya sövq edə bilər.

 

Rusiya da yaşananlardan ciddi narahatdır.

 

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Zvezda" telekanalına verdiyi müsahibədə bildirib ki, Qərbin vədlərinə inanan, daha doğrusu, aldanan Ermənistan ciddi səhvə yol verə bilər.

 

"NATO və ya Qərb hansısa ölkəyə vədlər verəndə soruşmaq gərəkdir: indiyədək harada onların niyyətləri gerçəkləşib? ABŞ-ın ən yaxın müttəfiqini və bütün Yaxın Şərqi üzləşdirdiyi dalanı hələ kimsə görməyib. Ermənistan və ermənilər bizim üçün, ali məqsədlər üçün yox, özləri üçün bunu xatırlasınlar və bilsinlər. Üçlüklər, kvartetlər, hansısa başqa formatlar və ya formalarda görüşlər planlaşdırılanda bu vacibdir. Qoy onlar ABŞ-ın ən yaxın müttəfiqlərini nələrə düçar etdiklərini xatırlasınlar", - Mariya Zaxarova deyib.

 

ABŞ və Avropa İttifaqı bu görüşün "sadəcə iqtisadi məsələlərin müzkirə ediləcəyi, bölgə ölkələrinə, xüsusilə də Azərbaycana qarşı yönəlmiş tədbir olmadığını" bəyan etsələr də, belə bəyanatlar həqiqətdən çox uzaqdır.

 

Reallıq budur ki, Qərb Avropa İttifaqının Ermənistanda olan Müşahidə-Monitorinq Missiyasının (EUMA) heyətini və imkanlarını artırmaq adı ilə qonşu ölkədəki hərbi-siyasi mövcudluğunu dəfələrlə gücləndirmək, Rusiyanı Cənubi Qafqaz bölgəsindən çıxarmaq, ermənilər arasında Azərbaycana qarşı revanşist təmayülləri gücləndirmək fikrindədir.

 

Fransanın, Yunanıstanın, Hindistanın və bir neçə başqa ölkənin hərbi texnika, silah-sursat tədarükünü sürətlə artırdığı Ermənistanın militarlaşdırılması heç bir vəchlə Cənuği Qafqazda sülh prosesini aktivləşdirməyə yönələ bilməz.

 

Rəsmi Parisin üstüörtülü şəkildə bəyan etdiyinə görə, Brüsseldə N.Paşinyanın imzalayacağı anlaşma Fransa və Almaniyanın Ukrayna ilə imzaladığı təhlükəsizlik anlaşmasının kiçik analoqu olacaq.

 

Fransanın siyasi isteblişmenti hesab edir ki, bunun müqabilində Ermənistan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sıralarını tərk etməyi yaxın perspektivdə reallaşdırmalı, daha sonra isə Rusiya ilə əlaqələrini minimuma endirməlidir.

 

Halbuki bölgədəki geosiyasi düzəni nəzərə alsaq, normal ssenaridə Qərb Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına və Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə başlanmasına İrəvanı sövq etməli, bununla da İrəvanın öz siyasi və hərbi strukturlarına uğurlu inteqrasiyasına start verməlidir.

 

Fəqət ABŞ, Fransa və Avropa İttifaqının əsas məqsədi yalnız Cənubi Qafqazda öz geosiyasi maraqlarının təminatından, o cümlədən Rusiyanın və Türkiyənin bölgədəki təsir imkanlarının zəiflədilməsindən ibarətdir.

 

Bu minvalla Ermənistanın Azərbaycanla yeni qarşıdurmaya, bölgədə risklərin və çağırışların sayının artırılmasına təhrik edilməsi Cənubi Qafqazda olduqca ciddi qeyri-stabilliyin əsasını qoya bilər.

 

Yeni gərginlik vasitəsilə Rusiyanın regiondakı təsir imkanlarının zəiflədilməsi cəhdləri narahatlıq doğurmaya bilməz.

 

Çünki sülhməramlı missiya, EUMA-nın heyətinin və imkanlarını gücləndirilməsi kimi bəhanələrlə Ermənsitanda Qərb hərbçilərinin sayının artırılması yeni problemlər vəd edir.

 

Təbii ki, Rusiya yaşananları diqqətlə, səbirlə, amma əsəbləri tarıma çəkilərək izləyir. Brüssel görüşündə əgər "Qərb-Ermənistan" anlaşması imzalanarsa, İrəvan Rusiyanın qəzəbli cavabı ilə qarşılaşacaq.

 

Qərb erməniləri belə cavabdan qoruya biləcəkmi - bu məsələ ciddi sual altındadır.

 

ABŞ, Fransa və Avropa İttifaqı bütün qapıları ermənilərin üzlərinə açsalar belə, bu, Ermənistan iqtisadiyyatını mövcud böhranlardan qurtara bilməyəcək. Səbəb bəsitdir: Avropa İttifaqına ixrac etmək üçün Ermənistanda rəqabətə davamlı mal və məhsullar ümumiyyətlə, yoxdur.

 

Ona görə də "Ermənistan iqtisadiyyatının problemlərinin həllində kömək etməyə hazırlaşırıq" tipli rəvayətlər əslində Qərbin bölgəmizdə gərginliyi artırmaq, Rusiya ilə regionda aşkar qarşıdurmaya başlamaq niyyətindən xəbər verir.

 

Sadalanan nüanslar çərçivəsində Ermənistan Fransa və Avropa İttifaqının amerikalılarla birlikdə yeni siyasi oyunlarının qurbanına çevrilə bilər.

 

Ermənistanda isə baş nazir Nikol Paşinyanın birbaşa göstərişi ilə aparılan və hazırda pik nöqtəsinə çatmış propaqanda erməniləri inandırmağa çalışır ki, Brüssel görüşü İrəvanın böhranlardan çıxması üçün açar olacaq.

 

Ermənistanın xilasını isə təbii ki, Rusiyadan uzaqlaşmaqda, Azərbaycanla qarşıdurmanın gücləndirilməsində görürlər.

 

Yaşanan proseslər Türkiyəni də ciddi narahat edir.

 

Türkiyə XİN-i bəyanat yayaraq bildirib ki, Brüsseldə aprelin 5-i keçirilməsi planlaşdırılan Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq.

 

Rəsmi Ankaranın fikrincə, Azərbaycanın iştirakını nəzərdə tutumayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etməkdənsə, regionun geosiyasi qarşıdurma məkanına çevrilməsinə yol açacaq.

 

“Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi və 19-20 sentyabr 2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri vasitəsilə bütün əraziləri üzərində suverenliyini bərpa etməsi nəticəsində regionda davamlı sülh və sabitlik üçün tarixi fürsət yaranıb. Tarixi fürsətin uğurlu nəticəyə bu qədər yaxın olduğu bir vaxtda üçüncü tərəflərin, xüsusən də regiondan kənardan olan aktorların prosesə ədalətli və qərəzsiz yanaşması və ona hər hansı zərər vurmaqdan çəkinməsi daha vacibdir. Bu kontekstdə aprelin 5-də Ermənistan, Aİ və ABŞ arasında keçiriləcək üçtərəfli görüşün regionun mürəkkəb problemlərinin həlli üçün əsas olmalı olan neytral yanaşmaya zərbə vuracağını açıq şəkildə vurğulamaq bizim borcumuzdur", - sənəddə qeyd edilib.

 

Türkiyə XİN təkrar üçüncü ölkələri regionun parametrlərini nəzərə almağa və münaqişə tərəflərinə bərabər məsafədən yanaşmağa çağırıb: "Biz qəti şəkildə inanırıq ki, Cənubi Qafqaz davamlı sülh və sabitlik əsasında çiçəklənəcək və regional rifaha nail olacaq. Həmişə olduğu kimi, Türkiyə bu məsələdə öz üzərinə düşəni etməyə və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təşviqinə davam edəcək".

 

Bununla yanaşı, rəsmi Ankara ABŞ-Aİ-Ermənistan triosunun nəzərinə çatdırıb ki, Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa bəyannaməsi mövcuddur.

 

Azərbaycana qarşı hansısa destruktiv, aqressiv addımlar atmaq və ya planlar qurmağa hazırlaşanlar Bakının tək olmadığını, Ankaranın daim ölkəmizin yanında olduğunu nəzərə almalıdır.

 

ABŞ və Avropa İttifaqının məqsədlərindən biri məhz Türkiyə ərazisindən istifadə edərək Ermənistana rahat çıxış əldə etməkdir.

 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanqmamış qardaş Türkiyə heç bir halda Qərbin istəklərinə müsbət cavab verməyəcək.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasətinin paradiqmasını dünyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən böyük olması təşkil edir.

 

2020-ci ildə isə Bakı və Ankara “Dünya beşdən böyükdür!” gerçəyini birlikdə sübut etdilər və Ankara indi Qərbin təzyiqlərini qətiyyətlə rədd etməkdədir.

 

Brüsseldə anlaşma imzalanarsa, belə təhlükəli davranış Cənubi Qafqazda vəziyyəti həddən ziyadə gərginləşdirə bilər.

 

Amma problemin çıxış yolu da var: bu, Azərbaycanın ədalətli və haqlı tələblərinin nəzərə alınmasıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.