
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında Ukrayna münaqişəsinin həllinə həsr olunmuş görüş olub.
Senzor.az Rusiya mətbuatına istinadən bildirir ki, görüş təxminən beş saat davam edib.
Rusiya tərəfindən görüşdə dövlət başçısı ilə yanaşı Prezidentin köməkçisi Yuri Uşakov, Xarici ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndə, Rusiya İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev iştirak ediblər.
ABŞ tərəfindən isə Uitkofla bərabər, sahibkar, investor və "Affinity Partners" şirkətinin təsisçisi, Prezident Donald Trampın kürəkəni Cared Kuşner də görüşə qatılıb. 
Görüşdən sonra Dmitriyev "X" səhifəsində paylaşım edərək danışıqları məhsuldar adlandırıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da deyib ki, görüş konstruktiv, faydalı və məzmunlu olub: "Söhbət çox faydalı, konstruktiv və məzmunlu idi. Kreml görüşündə Ukraynada sülh planı üçün bir neçə variant müzakirə olunub. Ukrayna üçün hələlik heç bir kompromis planı yoxdur. Sülh planı üzrə onun mahiyyəti, həmçinin, ərazi məsələsi danışılıb. Bununla yanaşı, tərəflər Rusiya ilə ABŞ arasında iqtisadi əməkdaşlıq perspektivlərini də müzakirə ediblər".
Y.Uşakov onu da vurğulayıb ki, Putin və Tramp arasında görüşün mümkünlüyü köməkçilərin və xarici işlər nazirliklərinin işindən asılıdır.