Ermənistanda etiraz aksiyalarının marioent "lider"i keşiş Baqrat Qalstanyan davranışını və bəyanatlarını dəyişsə də, hədəfi stabildir. Bununla belə o, qaçılmaz ittihamlardan və ən səthi araşdırma zamanı üzə çıxa biləcək cinayətləri ilə bağlı suçlamalardan yayınmaq üçün indidən hazırlıq görməyə başlayıb.
Erməni Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş (Tovuzqala) yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan dünən bəyan etdi ki, İrəvanda böyük, genişmiqyaslı mitinq keçiriləcək.
"Həmin mitinqdə bu hakimiyyətə qarşıt fasiləsiz mübarizəni bəyan edəcəyik. Meydanda tək qalsam belə, geri çəkilməyəcəyəm. Fəaliyyətimizin dəqiq yol xəritəsini də yeni mitinqdə elan edəcəyəm. Mitinqdən sonrakı intensiv, qətiyyətli mübarizə isə bizi arzuladığımız, can atdığımız məqsədə çatdıracaq", - B.Qalstanyan söyləyib.
O, daha sonra bildirib ki, bu gün İrəvan Dövlət Universitetində açıq dərs keçirəcək, daha sonra həkimlərlə görüşəcək, axşam saatlarında isə 100-dən artıq müəllimlə söhbəti olacaq.
Keşiş şənbə günü, yerli vaxtla saat 11-də "bütün partiyalarlı görüşə və müzaikrələrə dəvət etdiyni" vurğulayıb.
B.Qalstyanın dediyinə görə, bir sıra müxalifət partiyaları ilə, o cümlədən "Vətən" partiyası, siyasətçilər Şant Arutyunyan və Paruyr Ayrikyanla görüşüb.
Bütün bunlar onun fəaliyyət taktikası ilə bağlı yeni göstərişlər aldığına dəlalət edir.
Aprelin 19-da Ermənistanın Tavuş rayonunda 32 ildən bəri erməni işğalındakı 4 kəndin azad edilərək Azərbaycana qaytarılmasına və Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiyası ilə delimitasiyasına və ümumiyyətlə, Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasına qarşı aksiyalar başlanmışdı.
Bu aksiyalara, dəfələrlə yazdığımız kimi, erməni kilsəsi, sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın başçılıq etdikləri və əslən Qarabağdan olan ermənilərdən ibarət "qarabağlılar klanı", xarici ölkələrdəki ermənilərin diaspor təşkilatları, həmçinin Rusiya və İranın təsir orbitindəki müxtəlif müxalifət qruplaşmaları koalisiya şəklində qatılıblar.
Keşiş Baqratın "lider" təyin edildiyi aksiyaların məqsədi Ermənistanın baş naziri Nikol Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq və "qarabağlılar klanı"nın rəhbərlərindən birinin həmin posta yiyələnməsinə nail olmaqdır.
Söhbət Robert Köçəryandan gedir.
Ermənistan vətəndaşlarının əksəriyyəti "sabiqlər"in yenidən hakimiyyətə qayıdışına və xüsusilə də Köçəryanın baş nazir postuna yiyələnməsinə qarşı çıxaraq bütün bunları hadisələrin ən pis inkişaf variantı hesab etsələr də, Köçəryan-Sarqsyan dueti fikirlərində qətidirlər.
Daşnaklarla koalisiya quraraq ölkə parlamentində "Ermənistan" fraksiyası ilə təmsil olunan R.Köçəryan digər sabiq prezident, "Şərəfim var" fraksiyasının rəhbəri Serj Sarqsyanla artıq anlaşıb.
R.Köçəryan özünü baş nazir, S.Sarqsyanı prezident postunda görür.
Ermənistanın parlament üsul-idarəli ölkə olduğunu və ölkədə hakimiyyət səlahiyyətlərinin baş nazirdə olduğunu nəzərə alsaq, R.Köçəryanın dövlət başçısı kürsüsünü S.Sarqsyana "verməsi" təəccüblü deyil.
Planın reallaşması istiqamətində aksiyanın təşkilatçıları və idarə edən qüvvələr ciddi problemlərlə qarşılaşıblar. ABŞ, Fransa və Avropa İttifaqının İrəvandakı mövcud hakimiyyətə verdikləri dəstək, N.Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasında Qərbin maraqlı olmaması, Ermənistanda geosiyasi maraqlar müstəvisində Rusiya, İran və Qərb arasındakı toqquşma, erməni elektoratın "sabiqlər"in qayıdışını istəməməsi, qarabağlı ermənilərin aksiyalarda zəif və pərakəndə iştirakı, ən əsası isə etiraz aksiyalarının dəqiq strategiyasının olmaması və bütün proseslərin taktika üzərində qurulmasıdır.
Ermənistanla yanaşı, Kanada vətəndaşı olan keşiş Baqrat hələ də tərəddüd edir. Kanadada yaşadığı 10 il ərzində həmin ölkədəki erməni icmasını "yeni, möhtəşəm kilsə inşa etmək" adı ilə aldadan və tikinti üçün yığılmış pulların əksər qismini mənimsədiyinə görə qovulan keşiş Baqrat indi siyasi fəaliyyəti planlaşdırır.
"Lazım gələrsə, Ermənistan üçün Kanada pasportundan da imtina edərəm" söyləyən Baqrat Qalstanyan baş nazir postuna iddialı olduğunu gizlətmir.
Onun çağırışı ilə aksiyalara qatılan ermənilər isə Nikol Paşinyanın istefasına nail olandan sonra qurulası yeni hökumətin başçısı postuna namizədin adının açıqlanmasını istəyirlər.
Əks təqdirdə onlar aksiyalarının miqyasının və intensivliyinin, habelə bu aksiyalara qatılanların sayının mütləq şəkildə aşağı düşəcəyini deyirlər.
Baqrat Qalstanyanın başçılıq etdiyi "etiraz yürüşü"nün İrəvana çatmasından və Ermənistan paytaxtının mərkəzi meydanında mitinq keçirməsinlən bir həftədən də çox vaxt keçir. Amma ortada heç bir real nəticə yoxdur: tam əksinə, Nikol Paşinyan ona qarşı aparılan "genişmiqyaslı etiraz yürüşləri və mitinqləri"nin öhdəsindən asanlıqla gəlir.
Erməni kilsəsinin və diasporun idarə etməyə çalışdıqları aksiyalara sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın təsirinin fasiləsiz artması Rusiya və İranı qayğılandırır, çünki Moskva və Tehran dərk edirlər ki, Ermənistan cəmiyyətinin əksər hissəsinin "sabiqlər"ə münasibəti yetərincə neqativdir.
Nikol Paşinyanı devirmək, hakimiyyətdən kənarlaşdırmaq və "Ermənistanda yeni hakimiyyət formalaşdırmaq" istəyənlərin səbatlı planları, perspektivə hesablanmış strategiyaları yoxdur.
Kanada pasportlu B.Qalstanyan baş nazir postunda ya özünü, ya da Robert Köçəryanı görmək istədiyini gizlətmir. Fəqət, erməni kilsəsinin bütün cəhdlərinə, arzularına və planlarına rəğmən, Ermənistanda keşişin baş nazir olmaq şansları total sıfıra bərabərdir.
Eynən Robert Köçəryanın şansları kimi.
Alternativ namizəd qismində Ermənistanın sabiq ombudsmanı Arman Tatoyanın adı çəkilir və onun yeni parlament seçkilərinədək müvəqqəti hökumətə başçılıq edə biləcəyi deyilir.
Bu variant da illüziyadır, çünki Ermənistan Konstitusiyasına görə, baş nazir istefa verərsə və müvəqqəti hökumətin rəhbəri olmaq səlahiyyətlərindən də imtina edərsə, parlament seçkilərinədək olan dövrdə hökumətə baş nazirin müavini rəhbərlik etməlidir.
Həmin şəxs isə Ermənistanda iqtidarda olan "Mülki müqavilə" partiyasının funksioneri, N.Paşinyanın müavini və "sağ əli" Mher Qriqoryandır.
Ən nəhayət, Baqrat Qalstanyan və onun hamiləri R.Köçəryanla S.Sarqsyan erməni cəmiyyətinə Paşinyan hakimiyyətinə məntqi, konkret alternativ təklif edə bilməməklə yanaşı, müxalifət düşərgəsində belə, ümumi razılığa nail ola bilmədilər.
Göründüyü kimi, Ermənistanda revanşist və müxalifət qüvvələrinin kilsə, həmçinin diaspor təşkilatları ilə bir araya gələrək reallaşdırdıqları aksiyaların perspektivləri dumanlı təsir bağışlayır.
Belə davam edərsə, Ermənistandakı “keşişlər inqilabı”nı Nikol Paşinyanı indiyədək devirmək istəyən çoxsaylı “inqilabi hərəkat”ların taleyi, yəni tam uğursuzluq gözləyir.